Bank kreditlərinin 40 faizini istehlak kreditləri təşkil edir

4 Noyabr 2015 12:22 (UTC+04:00)

Bu ilin 9 ayında ev təsərrüfatlarına 7 592,2 min manat kredit verilib. Bu da ümumi kredit portfelinin (19 113,5 min manat) 39,7 faizi deməkdir.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, ev təsərrüfatlarına verilən kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi artıb. Bununla belə, 2015-ci ilin sonuna həmin rəqəmin ilin əvvəlindəki səviyyəyə - 44,1 faizə çatması real görünmür.

Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) 1 357,3 min manat vəsait yönəldilib. Bu, ümumi kredit qoyuluşunun 7 faizi həcmindədir.

Onu da bildirək ki, ölkə iqtisadiyyatına kredit qoyuluşu ötən aylarla müqayisədə azalıb. Mərkəzi Bank buna səbəb kimi “Beynəlxalq Bank” ASC-də aparılan restrukturizasiya tədbirlərini göstərir.

İqtisadiyyat şöbəsi