Neft Fondunun gəlir-çıxarı bəlli oldu

18 Noyabr 2015 18:28 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Publika.az-a verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçən iclasda Fondun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən ARDNF-nin 2016-cı il üçün büdcə layihəsinə, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərə dair icraçı direktor tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin 6 711 564,1 min manat, xərclərinin 8 261 399,7 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 24 420 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb, müvafiq olaraq Fondun 2016-cı il büdcə layihəsi, eləcə də vəsaitin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Bununla yanaşı, iclasda ARDNF mühasibat sisteminin “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartların”dan “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”na keçidi və bu keçidə uyğun olaraq hazırlanmış yeni Mühasibat Uçotu Siyasəti və Hesablar Planı məqbul hesab edilib.

İqtisadiyyat şöbəsi