Paris merinin erməni sevgisi soydaşlarımızın narazılığına səbəb oldu

24 Noyabr 2015 01:36 (UTC+04:00)

Fransada yaşayan azərbaycanlılar “Hayastan” ümumerməni fondunun təşkil etdiyi XVI Avropa telemarafonuna Paris meri Ann İdalqonun dəstək verməsi barədə xəbəri dərin təəssüf hissi ilə qarşılayıb.

Publika.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, bu barədə Paris Azərbaycan Evinin yaydığı etiraz bəyanatında bildirilir.

Bəyanat müəllifləri bildiriblər ki, 27 ildir davam edən, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrilməsinə, on minlərlə azərbaycanlının ölümünə və Xocalı soyqırımı kimi dəhşətli bir cinayətə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığı bir vaxtda Fransanın rəsmi şəxslərinin bu cür təşəbbüsləri anlaşılmazdır: “Fransa münaqişənin nizamlanmasına vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu baxımdan diaspor nümayəndələri Paris merinin Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş separatçı rejimə dəstək ifadə edən belə layihələrə himayədarlıq etməsi Azərbaycan ictimaiyyətində Fransanın ədalətli həmsədr olmasına ciddi şübhələr yarada bilər”.

Fransadakı Azərbaycan diasporu etiraz bəyanatında “Hayastan” fondunun topladığı vəsaitin terrorçu bir rejimin planlaşdırdığı layihələrin dəstəklənməsinə sərf olunduğunu da diqqətə çatdırır və bildirir ki, terrordan əziyyət çəkən bir ölkənin rəsmi şəxsinin terror, işğalçılıq prinsipləri əsasında qurulmuş bir rejimlə bu cür yaxından əməkdaşlıq etməsi olduqca təəccüblüdür.

Paris Azərbaycan Evinin bəyanatında həmçinin "Hayastan" fondunun kifayət qədər qeyri-şəffaf qurum olması da xanım Ann İdalqonun diqqətinə çatdırılır. ABŞ-da yaşayan erməni icmasının bir neçə dəfə fondu boykot etmək üçün etiraz aksiyaları təşkil etməsi, eləcə də fondun dəfələrlə Qarabağdakı rejimə yardım adı altında maliyyə maxinasiyalarına dair iddiaların bu gün də erməni diasporunun müzakirə etdiyi mövzulardan biri olması vurğulanır. Bəyanatda qeyd edilir ki, vergidən yayınma, çirkli pulların yuyulması, ermənilərə yardım adı altında fonda toplanan vəsaitlərin mənimsənilməsi haqqında elə erməni jurnalistlərin özlərinin yazdığı araşdırmalar xeyli saydadır: “Belə bir qeyri-şəffaf imicə malik bir quruma Paris merinin dəstək verməsi təəccüb doğurmaya bilməz”.

Fransadakı azərbaycanlılar separatçı rejimə, qeyri-şəffaf fəaliyyəti ilə tanınan "Hayastan" fonduna dəstək verilməsinə görə öz narahatlığını bildirir və Fransanın bütün rəsmi şəxslərini ölkələrinin üzərinə götürdüyü missiyaya sadiq olmağa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutaraq münaqişə tərəflərinə bərabər məsafədə dayanmağa çağırırır.

Anar Tağıyev