Danışılmış oyunlar “kral”ı həbs olundu

2 Dekabr 2015 16:39 (UTC+04:00)

İtaliya çempionatında danışılmış oyunların təşkilatçısı hesab edilən Dan Tan yenə də həbs olunub.

Publika.az xəbər verir ki, ümumilikdə 680 oyunun nəticəsinə təsir etməkdə günahlandırılan Dan Tan cəmi 5 gün əvvəl Sinqapur məhkəməsinin qərarı ilə azadlığa çıxmışdı. O, İtaliya çempionatında 100-dən artıq oyunun nəticəsinin əvvəlcədən müəyyənləşdirilməsində şübhəli bilinir.

Bu qarşılaşmalar həm A seriyasında, həm də birinci dəstədə keçirilib. Dan Tan bu işlə 2008-2011-ci illərdə məşğul olub. Onu ilk dəfə 2013-cü ilin oktyabrında həbs etmişdilər.

Dan Tan noyabrın 26-da yetərli dəlillərin olmamasına görə azadlığa buraxılmışdı. Ancaq 5 gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu yenidən həbs ediblər.