Klintonun 5,5 min məktubu dərc edildi

1 Yanvar 2016 19:14 (UTC+04:00)

ABŞ Dövlət Departamenti sabiq-dövlət katibi Hillari Klintonun şəxsi serverdən istifadə edərək göndərdiyi daha 5,5 min elektron məktubunu dərc edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, dərc edilən məktublar 2009-2013-cü illəri əhatə edir.

Məhkəmə 2016-cı ilin əvvəlinə kimi Klintonun məktublarının 82 faizinə (təxminən 43 min məktub) qədərinin dərc edilməsi barədə göstəriş vermişdi. Lakin Dövlət Departamenti göstərişi yerinə yetirə bilməyib. Diplomatik qurum bunu məktubların çox olması və bayram qrafiki ilə izah edib.

Klintonun məktublarının növbəti partiyasının gələn həftə dərc ediləcəyi gözlənilir.

Qeyd edək ki, xidməti yazışma üçün Klintonun şəxsi serverindən istifadə etməsi ABŞ-da ciddi tənqidlərə səbəb olub. Tənqidçilər bildiriblər ki, məxfi yazışmalar hakerlərin əllərinə düşə bilərdi.

Tənqidlərdən sonra Klinton özünün 55 mindən çox elektron yazışmasını Dövlət Departamentinə verib. O, eyni zamanda təxminən 31 min səhifəni silib. Klinton onların işlə bağlı olmadığını və şəxsi informasiyadan ibarət olduğunu söyləyib.

Ömər Dağlı