Nazir: “İş yerlərinin bağlanmaması üçün müvafiq addımlar atılacaq”

6 Yanvar 2016 13:09 (UTC+04:00)

“Hazırda ən əsas məsələ ölkədə iş yerlərinin sayının azalmamasına çalışmaqdır. Hökümət bunun üçün müvafiq addımlar atacaq. Biz işsiz kimi qeydiyyata düşənlərin sayının müəyyən edilməsilə bağlı göstərişlər vermişik. Biz devalvasiyanın əmək bazarına təsirinin nəticələrini müəyyən etdikdən sonra bu barədə açıqlama verəcəyik”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Devalvasiya ilə bağlı iş yerlərinin bağlanması və sosial layihələrin təxirə düşmə ehtimalından danışan nazir qeyd edib ki, ölkəyə gələn gəlirlər azalıb:

"Gəlirlərin azalması məcmu tələbin aşağı düşməsinə səbəb olur. Nəticədə, təklif də aşağı düşəcək. Bu isə iş yerlərinin sayının azalmasına gətirib çıxara bilər. Biz bunun qarşısını almaq üçün məcmu tələbinin artırılmasına çalışmalıyıq. Biz əmək bazarına nəzarəti həyata keçiririk. Kəskin dəyişikliklər olarsa, müvafiq tədbirlərin görülməsi üçün təkliflər verəcəyik”.

Nazir qeyd edib ki, hazırda dövləti iki məsələ narahat edir. Bu müəssisələrin bağlanması və iş yerlərinin ixtisarıdır: “Bu tərəfimizdən diqqətdə saxlanılır. Belə bir şəraitdə çıxış yolu işçi qüvvəsinin əmək bazarına kreativ şəkildə uyğunlaşmasıdır. Peşə hazırlığı fəaliyyəti güclənməlidir. Bizim bir neçə regionda belə mərkəzlərimiz var. Orada 2-6 aylıq kurslarımız var və aylıq təqaüd verilir. Onlar daha çox tələbat olan peşələrə yiyələnərək əmək bazarına çıxa bilərlər. Biz bunun üçün peşə standartlarını təkmilləşdiririk”.

Gülnar Əliyeva