Əsəd nə vaxt getməlidir? - ABŞ-ın Suriya planının DETALLARI

6 Yanvar 2016 19:43 (UTC+04:00)

“Amerika administrasiyası Suriya prezidenti Bəşər Əsədin 2017-ci ilin martından sonra istefa verəcəyini nəzərdə tutur”.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya böhranının həlli ilə məşğul olan ABŞ-ın nümayəndələri üçün hazırlanmış sənəddə deyilir.

Planın surəti “Associated Press” agentliyinin əlinə keçib. Analitik qeydə əsasən, Suriyada siyasi keçid prosesi bu ilin fevralında başlanacaq və 18 ay davam edəcək. ABŞ hesab edir ki, rejim və müxalifət nümayəndələri arasında keçiriləcək danışıqların nəticəsi olaraq aprel ayında təhlükəsizlik komitəsi yaradılacaq. Bundan sonra hökumət və hərbi rəhbərlik, həmçinin mötədil müxalifət liderləri və döyüşçülər üçün amnistiya veriləcək. Daha sonra isə ölkəni idarə edən müvəqqəti orqan yaradılacaq.

2016-cı ilin may ayında Suriya parlamentinin buraxılması nəzərdə tutulur. Sonra müvəqqəti qanunverici orqan formalaşdırılmalı, ölkənin bərpasının maliyyələşdirilməsi məqsədilə beynəlxalq donor konfransı keçirilməlidir. Növbəti altı ayda - 2016-cı ilin noyabr ayına qədər yeni konstitusiya layihəsi hazırlanacaq. Suriya xalqı 2017-ci ilin yanvarında keçiriləcək referendumda bu sənədə münasibətini ifadə edə biləcək. Yalnız bundan sonra – mart ayında Əsəd özünün yaxın ətrafı ilə birlikdə vəzifələrindən çəkilməlidir.

Amerikanın fikrincə, Suriyanın yeni hökuməti 2017-ci ilin avqustunda keçiriləcək parlament və prezident seçkilərindən sonra bütün səlahiyyətləri alacaq.

“Associated Press” qeyd edir ki, Rusiya və İran bu planı dəstəkləməyəcək. Bildirilir ki, Moskva və Tehran xarici təsirlərin altında Suriya rəhbərliyinin dəyişdirilməsinə qarşı çıxır. Rusiya və İran təkid edir ki, bu barədə qərar Suriya xalqı tərəfindən qəbul etməlidir. Eyni zamanda Suriya müxalifəti, həmçinin ABŞ-ın müttəfiqləri olan Qətər, Türkiyə və Səudiyyə Ərəbistanı bu planı xəyanət hesab edə bilərlər. Çünki Suriya müxalifəti və adıçəkilən dövlətlər Əsədin ən sürətli gedişini tələb edirlər.

Suriya prezidentinin özü isə bildirir ki, “İslam Dövlət” (İŞİD) üzərində qələbəyə kimi postunu tərk etmək niyyətində deyil.

Ömər Dağlı