37 bıçaq.. - Yevlaxdakı qətlin TƏFƏRRÜATI

13 Yanvar 2016 09:52 (UTC+04:00)

Dünən Yevlax rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Rayon sakinlərinin Publika.az-a verdiyi məlumata görə, qətl qısqanclıq zəminində baş verib.

Sakinlərin sözlərinə görə, Ahu Hüseynova rəsmi şəkildə yoldaşından ayrılmasa da, iki ay imiş iki uşağı ilə birgə ərindən ayrı yaşayırmış. Bacısından şübhələnən Veys Hüseynov dəfələrlə ona düz yola qayıtması barədə xəbərdarlıq etsə də, qadın ona əhəmiyyət verməyib.

Sonuncu dəfə isə V.Hüseynov bacısının işlədiyi musiqi məktəbinin qarşısına gələrək onunla söhbət edib. Lakin aralarında mübahisə yaranıb və qardaş bacısına 37 bıçaq zərbəsi vurub. A.Hüseynova aldığı yaralardan hadisə yerindəcə keçinib.

Baş Prokurorluğun qətllə bağlı yaydığı rəsmi məlumatda bildirilir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Hüseynov Veys Nadir oğlu üzərində gəzdirdiyi mətbəx bıçağı ilə doğma bacısı -1976-cı il təvəllüdlü Hüseynova Ahu Nadir qızının bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, A.Hüseynova Yevlaxdakı 2 saylı musiqi məktəbinin müəlliməsi olub.