Prezident İlham Əliyevdən Azərbaycan iqtisadiyyatı üçün YOL XƏRİTƏSİ

13 Yanvar 2016 13:53 (UTC+04:00)

Qlobal iqtisadiyyatda qeyri-stabil proseslərin davam etməsinə rəğmən, Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkədir. Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha bəlli oldu ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq.

“Ümumi Daxili Məhsulun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır, neftdən aşılılıq azalır. Biz asılılığı minimum səviyyəyə endirməliyik. Çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, onların inkişafı Azərbaycanın ixrac potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq”, - Prezident deyib.

Beynəlxalq qurumlardan nikbin proqnoz

Nəzərə çatdıraq ki, bir çox dövlətlərdə iqtisadi artımın azaldığı vaxtda "Bloomberg" agentliyi 2016-cı il üzrə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalının artacağını açıqlayıb. Qurumun proqnozuna görə, Azərbaycanda bu göstərici cari ildə 2,4% təşkil edəcək. Beynəlxalq Valyuta Fondu (BVF) da bu il ölkədə Ümumi Daxili Məhsulun 2,5 faiz artacağını gözləyir.

Bundan başqa, BVF Azərbaycanda inflyasiyanın 4,2 faiz təşkil edəcəyini bildirib. Azərbaycanın tədiyyə balansının profisiti isə 2,7 milyard dollar olacaq.

Fərman və sərəncamlar

Dövlət başçısı tərəfindən hələ ötən ilin sonlarında imzalanan fərman və sərəncamlar göstərir ki, ÜDM artımında qeyri-neft sektorunun rolu böyük olacaq. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyub. Bu, artıq özəl sektorun inkişafında yeni mərhələnin başlamasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərib.

Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm də sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da fəaliyyətlərini şəffaf şəkildə qurmalarına səbəb olmalıdır. Bu isə sahibkarlıqda artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir.

Yoxlamaların sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırmağa, iş rejimində hər hansı inzibati fasilələrin baş verməməsinə, xərclərə qənaətə imkan yaradacaq. Aparılan monitorinqlər də göstərir ki, sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ olmayan bir sıra dövlət orqanları yoxlayırlar və bu, heç də sahibkarlara xoş niyyətdən irəli gəlmir. Yoxlama hüququ olan dövlət orqanlarının fəaliyyətinin də tənzimlənməsi, yoxlamaların elektron qeydiyyatının aparılması zəruri idi. Artıq sözügedən qurumlar növbəti 2 ildə sahibkarların fəaliyyətini yoxlamaq və eləcə də müdaxilə etmək imkanına malik olmayacaqlar. Aydındır ki, elektron mexanizmlər tam formalaşdırıldıqdan sonra bu müddət limitsiz uzadılacaq. Yeni sistem məmurların, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrə heç bir halda imkan verməyəcək. Sahibkar, sadəcə, dövlət qarşısında məcburi öhdəliklərini, o cümlədən dəqiq hesablanmış vergiləri vaxtında ödəməklə öz işlərini azad şəkildə qura biləcəklər.

Proqnozlar

Yaxın 3 il üzrə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi proqnozlarda qeyri-neft sektorunda ÜDM 41,5 milyard manat (3,4 faiz artım) göstərilib. Özəl sektorun ÜDM-də payı isə 82,2 faiz nəzərdə tutulur.

Xidmətlərdə əlavə dəyərin artımı daha yüksək (39,8 faiz) qiymətləndirilir. Belə ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətlərində 14,6 faiz, nəqliyyat, anbar təsərrüfatında 3,3 faiz, informasiya, rabitə xidmətlərində 13,5 faiz real artım proqnozlaşdırılır.

2016-cı ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 milyard manat olacaq. Bunun da 57,8 faizi daxili investisiyaların, 42,2 faizi isə xarici investisiyaların payına düşür. Ümumi investisiyaların 10,8 milyard manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, Azərbaycan İnvestisiya Şirkəti indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub.

Bundan əlavə, növbəti il üçün idxal 8,2 milyard dollar həcmində proqnozlaşdırılır. Bunun 6,8 milyard dolları, yəni, 83,3 faizi qeyri-neft sektorunun payına düşəcək.

Onu da nəzərə çatdıraq ki, bu il qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması, bu istiqamətdə daxilolmaların artırılması üçün vergi öhdəliklərinin vaxtında, tam yerinə yetirilməsi, bütövlükdə vergi və gömrük intizamının gücləndirilməsi əsas hədəflərdəndir.

Qiymətlərə nəzarət

Bu gün ölkədə ərzaq təhlükəsizliyi proqramı çərçivəsində Azərbaycanın özünün qida məhsullarına olan tələbatını ödəməsi istiqamətində addımlar atılır. Ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit ayrılıb. 115 müəssisə istifadəyə verilib. 2015-ci ilin 9 ayına olan hesabata görə, kreditlərin 97,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib.

Fond rəhbərliyi bildirir ki, müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

2016-cı ildə də lojistik mərkəzlərin, ixtisaslaşdırılmış "yaşıl market"lərin, aqroparkların, cins iribuynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.

Göründüyü kimi, Azərbaycan dövlətin dəstəyi ilə özünün qida məhsullarına olan tələbatını ödəməyə çalışır. İlbəil bu sahədəki idxaldan asılılığını azaldır. Belə şəraitdə qiymət artımları süni xarakter daşıyır. Dövlət başçısı da öz çıxışında istehlak qiymətlərinə ciddi nəzarət olunmasını vurğulayıb: “Azərbaycanda istehsal olunan məhsullara qiymət artımı olmamalıdır. Süni bahalaşmaya son qoyulmalı, burada ciddi cəza tədbirləri görülməlidir. Təkcə cərimələrlə kifayətlənməməli, prokurorluq orqanları bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı ciddi cəza tədbirləri görməlidir. Bu, mətbuatda da işıqlandırılmalıdır”.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlayır. Süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

İqtisadiyyat şöbəsi