Baş Prokurorluq korrupsiya ilə bağlı hesabat verdi

15 Yanvar 2016 10:33 (UTC+04:00)

2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 460 cinayət işinin ibtidai istintaqı aparılıb, bunlardan 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 47 cinayət işi Baş Prokurorluq vasitəsi ilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb.

Publika.az xəbər verir ki, bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, həmin cinayət işləri əsasən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvətalma, rüşvətvermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pulun leqallaşdırılması və digər faktlarla əlaqədar olub.

Hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanaraq, onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

İstintaqı tamamlanmış cinayət işlərindən ümumilikdə 206 şəxs barəsində 119 iş Ağır Cinayətlər Məhkəmələrinə, 89 şəxs barəsində 81 iş isə yerli rayon(şəhər) məhkəmələrinə göndərilib.

2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələbetmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olub.

Gülnar