Xalq artistindən QORXUNC etiraf: “Diaqnozumu bilsəniz...” - MÜSAHİBƏ

18 Yanvar 2016 14:15 (UTC+04:00)

Adının milli kino tarixinə düşməsi üçün, sadəcə, “Bir cənub şəhərində” filmi də kifayət idi. Hər birimizin sevə-sevə izlədiyimiz, baxdıqca baxmaq istədiyimiz bu məşhur filmin rejissoru, xalq artisti Eldar Quliyev bu gün 75 yaşını tamamlayır.

Milli kinomuza “Babək”, “Sevinc buxtası”, “Ürək, ürək”, “Nizami”, “Gümüş göl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Təxribat”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” kimi misilsiz sənət inciləri hədiyyə edən rejissorumuzu təbrik etməyə bilməzdik. Amma səsindəki narahatlıq, kədər, bir sözlə, doğum günü əhval-ruhiyyəsində olmaması bizi də məyus etdi. Bilmədik, zəng etdiyimizə sevinək, yoxsa…

75 illik ömrün böyük bir hissəsini çəkiliş meydançalarında keçirən sənətkarımız düz 2 aydır ki, səhhətində yaranan ciddi problemlərə görə yorğan-döşəyə məhkum olub, bizim bundan xəbərimiz yoxdur. Buna görə özümüzü qınadıq da. Amma bunun da səbəbi var. Rejissorumuz mediadan olduqca uzaq olduğundan, hər dərd-sərindən dərhal xəbər tutmağımız mümkün olmur. “İndi də doğum günü əhval-ruhiyyəsində olar və bundan istifadə edib müsahibə götürərik” düşüncəsi ilə aramışdıq rejissorumuzu.

Ovqatının pis olmasına rəğmən, xətrimizə dəymədi, ömrünün 75 ilinə Publika.az-la birgə nəzər saldıq. Danışa bildiyi qədər danışdı…

- Eldar müəllim, doğum gününüzdür, yəqin ki, 75 illik yubileyinizi təmtəraqla qeyd edəcəksiniz?

- Yox, təəssüf ki, bu il yubileyimi qeyd edə bilməyəcəm.

- Niyə?

- Çünki xəstəyəm, özumü yaxşı hiss etmirəm. Səhhətimdə yaranan problemlər əhval-ruhiyyəmə təsir edib. Bir sözlə, nəinki yubiley, sadə doğum günü tədbiri keçirəcək ovqatda deyiləm.

- Allah şəfa versin, nə olub, soyuqlamısınız?

- Yox, çox ciddi bir xəstəliklə mübarizə aparıram. Bu barədə danışmaq istəmirəm.

- Bizi lap qorxutdunuz...

- Diaqnozumu eşitsəniz, lap qorxarsınız. Elə sizi qorxutmaq istəmədiyim üçün söyləmirəm.

- Xəbərimiz olmayıb, yəni elə ağır xəstəlikdir?

- İnsult keçirmişəm. İndi də həkim nəzarəti altında müalicə olunuram. Görək nə olur?

- Nə vaxt xəstələnmisiniz?

- İki aydır.

- İnşallah, sağalarsınız. Biz hələ sizdən yeni filmlər gözləyirik. Planınızda var?

- Sağalım, ayağa qalxım, sizi yeni bir filmlə sevindirəcəm.

- Bəzi insanlar yaşa, sadəcə, rəqəm kimi baxır. Yəni onlar üçün önəmli deyil, yaş 20 oldu, 40 oldu, ya 75-80… Özlərini hansı yaşda hiss edirlərsə, elə o yaşda da qalırlar. Maraqlıdır, siz necə düşünürsünüz?

- Təbii ki, yaş gəlib keçir və rəqəmlər öz işini görür. Yaşın qarşısını almaq mümkün də deyil. Özü də səndən heç nə soruşmur e, öz işini görür.

- Sözün düzü, heç bilmirdim ki, sizin 75 yaşınız tamam olur. Bunu biləndə çox təəccübləndim. Maşallah, yaşınızdan çox cavan görünürsünüz. Bəlkə bunun sirrini bizə də açıqlayasınız?

- Çox sağ olun ki, məni belə cavan görürsünüz. Məncə, bunun bir sirri var. Səbəb valideynlərimdir. Buna gen deyilir. Cavan qalmışamsa, genimə minnətdaram. Atamla-anama Allahdan rəhmət diləyirəm.

- Azərbaycan tamaşaçısına hədiyyələriniz saysız-hesabsızdır. Filmlərinizi nəzərdə tuturam. Bilmək istərdim görüm, Eldar Quliyevin özünün hədiyyələrə münasibəti necədir?

- Çox gözəl. Verən olanda alıram. Amma kimdənsə, xüsusi hədiyyə tələb eləmirəm.

- Bəs xüsusi xoşladığınız hədiyyə varmı?

- Yox, kim nə hədiyyə edirsə, sağ olsun.

- Arzularınızı da bilmək maraqlı olardı…

- Bu barədə danışmaq istəmirəm. Səhhətimlə bağlı narahatlıqlarım çoxdur. İnşallah, sağalım, ayağa qalxım, həm doğum günümü qeyd edərəm, həm də arzularımı söyləyərəm. İndi məni yalnız sağlamlığım maraqlandırır.

- Sağlıq durumunuzla bağlı həkimlərin qərarı nədir?

- Müalicəm davam edir. Bir aydan sonra danışarıq.

… Sevilən sənətkarımızı təbrik edir, ona tezliklə sağalıb ayağa qaxmağını arzulayırıq.

Cəvahir Səlimqızı