Elman Rüstəmov: “Dolların 2 manat olacağı barədə xəbərlər əsassızdır”

19 Yanvar 2016 14:34 (UTC+04:00)

“Atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub. Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı”.

Publika.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, əlləri təmiz olmayan müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı: “Lakin siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib.

Digər tərəfdən, atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj tələbatının, psixoloji tələbatının ödənilməsidir. Dünənki son auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı. Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etdi. Bu onu göstərir ki, bazarda artıq sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir".

E.Rüstəmov qeyd edib ki, manatın kursu ilə bağlı saytlarda şayiələr yayılır, lakin bunların heç bir əsası yoxdur: “Bütün iqtisadi proseslər sabitləşməyə xidmət etməlidir və bu sabitləşmə üzərində iqtisadiyyatın qurulmasıdır. 2015-ci ilin ilk devalvasiyasına qədər ən çox inkişaf edən bank sektoru idi. Kapitallaşma 18 faiz - 2 dəfədən çox idi. Problemli kreditlərin həcmi isə 5 faiz təşkil edirdi. Bu gün ən çox təsirlənən sistemlərdən biri bank sektorudur”.

Sədr onu da vurğulayıb ki, dolların məzənnəsinin 2 manata qədər yüksələcəyi barədə xəbərlər əsassızdır.

Kiçik kreditlərə gəlincə, E.Rüstəmov qeyd edib ki, bunlara addım-addım baxılır: “Yəqin ki, bu məsələyə qayıdılıb müzakirə olunacaq və ictimaiyyət də məlumatlandırılacaq. Cəmiyyəti bu gün ən çox düşündürən məsələ manatın sabitliyidir. Manat valyuta deyil, dövlət simvoludur. Manat və onun məzənnəsi Azərbaycan iqtisadiyyatını ifadə edir”.

E.Rüstəmov bildirib ki, hazırda qarşıda dayanan əsas məsələ ölkə iqtisadiyyatının neftin bugünkü bazar qiymətinə uyğunlaşdırılmasıdır.

İqtisadiyyat şöbəsi