Güləşçilərimizi iki turnir və Avropa çempionatı gözləyir

21 Yanvar 2016 16:36 (UTC+04:00)

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.

Publika.az xəbər verir ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar qarşıdan gələn Avropa çempionatına və beynəlxalq yarışlara hazırlıq planı üzrə məşqlərini Olimpiya Güləş Mərkəzində davam etdirir.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri yanvarın 18-dən təlim-məşq toplanışına başlayıb, məşqlər yanvarın 27-dək davam edəcək. Yığma komandanın 27 üzvü məşqlərdə iştirak edir. Təlim-məşq toplanışının ardından pəhləvanlarımızın Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirakı gözlənilir.

Sərbəst güləş üzrə yığma komandamız isə yanvarın 20-dən toplanışdadır. Yığma komandanın 24 üzvü iştirak etdiyi təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Sərbəst güləşçilərimiz təlim-məşq toplantısının ardından Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Böyüklər arasında Avropa çempionatı 8-13 mart tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək. Məlumat üçün bildirək ki, Avropa çempionatı bu ilin avqustunda Braziliyanın Rio de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunlarına vəsiqə vermir.