Strateji xətt: İdxaldan asılılıq aradan qaldırılmalıdır

21 Yanvar 2016 19:12 (UTC+04:00)

Ölkəmizdə ərzağa olan tələbatın təxminən 80%-i yerli istehsal hesabına ödənir. Qalan 20% məhsul isə xarici ölkələrdən idxal olunur. Bu gün isə əsas hədəf yerli istehsalın xarici idxalı üstələməsini tam təmin etməkdir. Bu həm qiymətlərin ucuzlaşmasını şərtləndirər, həm də ölkənin iqtisadi potensialını gücləndirər.

Yerli istehsal rəqəmlərdə

Statistik göstəricilər 10 il əvvəllə müqayisədə yerli istehsalın artdığını göstərir. Konkret olaraq, ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 26,2 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 61,9 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüsdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Emal sektorunda qida məhsullarının istehsalı 2,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,3 faiz, kağız və karton istehsalı 7,5 faiz, poliqrafiya məhsullarının istehsalı 86,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 43,2 faiz, tikinti materiallarının istehsalı 6,3 faiz, hazır metal məhsullarının istehsalı 54,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8 faiz, avtomobil, qoşqu və yarımqosquların istehsalı 4,6 faiz, mebel istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,7 dəfə artıb.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2016-cı il vəziyyətinə 317,5 milyon manatlıq hazır məhsul olub.

Kənd təsərrüfatında da yüksək göstərici əldə edilib. 2015-ci ildə qarğıdalı da daxil olmaqla 2999,0 min ton taxıl, 839,8 min ton kartof, 1273,3 min ton tərəvəz, 35,0 min ton pambıq, 886,3 min ton meyvə və giləmeyvə, 484,5 min ton bostan məhsulları, 157,0 min ton üzüm, 186,1 min ton səkər çuğunduru, 18,9 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 578,9 ton yaşıl çay yarpağı toplanıb. Diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 1538,6 milyon ədəd yumurta və 17,0 min ton yun istehsal olunub. 2014-cü illə müqayisədə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı 1,4 faiz artıb. Bu sahələrin əsas məhsullarından olan duru bitki yağlarının istehsalı 3,2 faiz artaraq 67,5 min ton, üzlü süd istehsalı 2,2 faiz artaraq 857,4 min ton, qaymaq və xama istehsalı 1,0 faiz artaraq 4,7 min ton təşkil edib.

Sahibkarlara kredit verilib

Bu gün dövlətin dəstəyi ilə rəqabət qabiliyyətli, xüsusilə ixrac yönümlü və idxalı əvəz edən məhsulların istehsalını, emalını nəzərdə tutan, eləcə də bu sahələrin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi reallaşdırılır. Sahibkarlığa Kömək Milli Fondu dövlətin bu iqtisadi siyasətinin həyata keçirilməsində yaxından iştirak edir. Fond 2015-ci ildə güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində, onun qəsəbələrində 5230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 milyon manat güzəştli kredit verib. Ümumiyyətlə dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 130-dan çox sənaye müəssisəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit verilib. Hansı ki həmin müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Onu da qeyd edək ki, sahibkarlara verilən kreditlərin məbləği ildən ilə artırılır. 2014-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 5344 investisiya layihəsinin maliyyələşdirilməsinə 164.2 milyon manat, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı 11 investisiya layihəsinin maliyyələşdirilməsinə 22.2 milyon manat və digər ərzaq məhsullarının istehsalı ilə bağlı 57 investisiya layihəsinin maliyyələşdirilməsinə 12.2 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdı.

2016-cı ildə isə logistik mərkəzlərin, ixtisaslaşdırılmış "yaşıl market"lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.

Ərzaq məhsullarına olan tələbatın ödənilməsində yerli istehsalın payı artıb

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, yerli istehsal hesabına tələbatı tam ödəmək bir hədəf olmamalıdır: “Amma istehlakın daha çox yerli məhsullar hesabına ödənilməsi vacib amillərdəndir. Yerli istehsalın inkişafı yalnız istehlakdan asılılığı aradan qaldırmaq deyil”.

Ekspert deyir ki, ərzaq məhsullarına olan tələbatın ödənilməsində yerli istehsalın payı artıb: “Azərbaycan hazırda ərzaq məhsullarına olan tələbatın təxminən 80 faizə qədərini yerli məhsullar hesabına ödənilməsinə nail ola bilib. Amma qeyri-ərzaq məhsullarında hələ də idxaldan asılıyıq və bu asılılığı aradan qaldırmaq mümkün olmayıb. Təbii ki ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından yerli istehsalın gücləndirilməsi və istehsal sahələrinin yaradılması daha vacibdir. Ona görə də yerli istehsal formalaşdırılan zaman daxili bazarda olan tələbat və istehsal olunan məhsulların ixrac imkanları nəzərə alınmalıdır. İxrac imkanlarına uyğun yerli istehsalın təşkil edilməsinə ehtiyac var.

Azərbaycan mövcud ixrac qabiliyyətini, qonşu ölkələrdə məhsullarımıza olan tələbatı nəzərə almaqla, kənd təsərrüfatı sektorunda qida sənayesinin inkişafı ilə bağlı yerli istehsalın təmin edilməsi və gücləndirilməsini həyata keçirilməlidir. Burada söhbət kənd təsərrüfatı məhsullarının emal olunaraq dünya bazarına çıxarılmasından gedir. Kənd təsərrüfatı məsullarının emal edilərək dünya, eləcə də daxili bazara çıxarılması yerli istehsalın inkişafını stimullaşdıracaq. Həm də Azərbaycan fermerləri daha çox ixrac imkanlarına malik olacaqlar. Məsələn, fermer pomidoru xammal formasında satmayıb, tomat, turşu, hazırlamaqla region və ölkə bazarına çıxa bilər ki, bu da satış imkanlarının genişlənməsinə şərait yaradacaq, Azərbaycanda ixracatın genişləndirilməsinə təkan verəcək”.

V.Bayramov deyir ki, ölkədə yüngül sənayenin inkişaf etdirilməsinə ehtiyac var: “Kimya sənayesində, tikinti sektorunda yerli istehsalın genişləndirilməsi imkanları var. Azərbaycanda uzun müddət yüngül sənaye sahəsi aparıcı sektorlardan biri olub. Təəssüf ki, bu gün Azərbaycan yüngül sənaye, o cümlədən tikiş məhsullarına olan tələbatın əhəmiyyətli hissəsini qonşu ölkələrdən idxal hesabına təmin edir. Bazar var və ona görə də bu sektorun gücləndirilməsi vacibdir. Tikiş sahəsi də daxil olmaqla yüngül sənaye Azərbaycan üçün ənənəvi sektorlardan biridir. Bunun dəstəklənməsi və inkişaf etdirilməsi qeyri-neft sektorunun inkişafı üçün stimul yaradacaq. Eləcə də tikinti materiallarına tələbatın ödənilməsində yerli istehsalın artırılmasına ciddi ehtiyac var. Monitorinqlərin nəticələrinə görə, ölkəmizdə istehlak olunan məhsulların təxminən 20 faizə yaxını digər ölkələrdən idxal olunur. Bu gün dünyada məhsul idxal etməyən ölkə yoxdur. Bu, həmin ölkələrin yerli istehsalının zəif olması demək deyil. İstehlakçılar hər zaman digər ölkələrdə istehsal olunan məhsullara tələbat yaradırlar. Ona görə də tam olaraq istehlakın yerli istehsal hesabına ödənilməsi hədəf olmamalıdır. Amma Azərbaycan üçün ənənəvi sektorlar üzrə idxaldan asılılığın aradan qaldırılması əsas hədəf kimi götürülməlidir. Azərbaycanda yerli istehsalın bir çox sahələrinin inkişaf etdirilməsi üçün geniş potensial var”.

İqtisadiyyat şöbəsi