Bu ölkədə ikinci “Ərəb baharı” başlayır: milyonlarla insan küçələrə çıxdı – VİDEO

22 Yanvar 2016 12:52 (UTC+04:00)

İkinci “Ərəb baharı”nın qığılcımları görünən Tunisdə xalq yenidən etirazlarla küçələrə çıxıb.

Publika.az xarici mediaya istinadən bildirir ki, 2011-ci ildə ölkədə baş vermiş “Ərəb baharı” inqilabı zamanı hakimiyyətdən gedən prezident Zeynalabdin ben Əli dövründə olduğu kimi, hələ də vəziyyət yaxşılaşmayıb.

Hazırda ölkədə işsizliyin səviyyəsi 15 faiz təşkil edir və iş tapa bilməyən əhalinin 33 faizdən çoxu təhsil almış gənclərdir. Paytaxt Tunis və Kasrin şəhəri başda olmaqla, bir çox şəhərlərdə kütləvi etirazlar yenidən başlayıb. Milyonlarla insan küçələrə çıxaraq, hökumətdən işlə təmin olunmalarını tələb edirlər.

Etirazçılarla polis arasında baş verən insident zamanı artıq bir polis ölüb.

2011-ci ildə Tunisdə Muhammed Buazizi adlı gəncin özünü yandırması ilə başlayan “Ərəb baharı” yenidən təkrarlanır. Bu dəfə tunisli gənc özünü elektrik xəttinə ataraq intihar edib. Hazırda ölkədə gərginlik davam edir.

Vasif Həsənli