Türkiyədə rus biznesmenin 6 milyonluq yaxtasını kim yandırıb? – VİDEO

23 Yanvar 2016 10:37 (UTC+04:00)

Türkiyənin Fatihə kurortunda rusiyalı biznesmenə məxsus superyaxta yanıb.

Publika.az-ın “The Daily Mail”ə istinadən məlumatına görə, “Queen Anna” adlı 27 metrlik yaxtada yanğın yanvarın 21-də baş verib. İnsanların gözü qarşısında alov bütün yaxtanı bürüyüb. Yanğının digər gəmilərə keçməməsi üçün onu təhlükəsiz yerə aparıblar. Buna baxmayaraq, yaxınlıqdakı daha iki yaxta zərər çəkib.

Yanğın nəticəsində gəminin kapitanı Vladimir Lopata yaralanıb. O, nəfəs yollarının yanığı və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hələlik yanğının səbəbləri bilinmir. Olayın təxribat olduğu və qəsdən törədildiyi istisna edilmir.

“Princess” sinfinə aid “Queen Anna” yaxtası 5,7 milyon dollara 2009-cu ildə tikilib. Onun sahibinin Rusiya vətəndaşı olduğu bildirilsə də, adı çəkilmir.