İnzibati xətaya görə azadlıq məhdudlaşdırılmayacaq - YENİLİK

25 Yanvar 2016 16:38 (UTC+04:00)

Azərbaycanda polis tərəfindən azadlıq hüquqlarının məhdudlaşdırılması halları dəyişdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Polis haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, şəxsin inzibati xəta törətməsinə görə polis tərəfindən azadlıq hüquqlarının məhdudlaşdırılması halına yol verilmir.

Hazırkı qanuna əsasən, şəxs cinayət və ya inzibati xəta törədərkən yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda polis onun azadlıq hüququnu məhdudlaşdıra bilər. Təklif olunan dəyişiklikdə isə "inzibati xəta" ifadəsi götürülür.

Digər dəyişikliyə əsasən, şübhə edilən şəxsin azadlıq hüququ şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda məhdudlaşdırılır.

Hazırkı qanunda isə bu hal belə göstərilir: “Şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati xətanın izləri tapıldıqda şəxsin azadlıq hüququ polis tərəfindən məhdudlaşdırıla bilər”.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin fevralın 1-nə təyin edilən növbəti plenar iclasının gündəliyinə daxil edilib.