16 polis xidmətdən qovulub

26 Yanvar 2016 15:56 (UTC+04:00)

Ötən il 16 polis əməkdaşı xidmətdən xaric edilib.

Publika.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 6,8 faiz, əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb.

Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə kimi hallar qeydə alınmayıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayı 30 fakt və həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 nəfəri tutduğu vəzifədən azad olunub.

Gülnar Əliyeva