Qaçqınların bahalı əşyaları müsadirə ediləcək

27 Yanvar 2016 07:14 (UTC+04:00)

Danimarka parlamenti uzun sürən məsləhətləşmələrdən sonra ölkəyə gələn qaçqın axınını azaltmaq üçün yeni qanun layihəsini qəbul edib.

Qanun layihəsinə əsasən, bundan sonra ölkədə sığınacaq tapmaq istəyən xarici vətəndaşların qəbulu və yaşayış şərtləri sərtləşdirilib. Uzun müddətdir ki, ölkədə və xaricdə mübahisəyə səbəb olan qanun layihəsi qaçqınların sahib olduğu 10 min krondan çox (1340 avro) nağd pulun və ya bu məbləğdə qiymətli əşyaların müsadirə edilməsini nəzərdə tutur. Yalnız şəxsi dəyəri olan əşyalar, məsələn, nişan üzükləri müsadirə edilməyəcək. Danimarka hökumətinin planına əsasən, bu yolla alınan vəsait qaçqınların ölkə ərazisində maliyyə xərclərinə yönəldiləcək.

Qanun layihəsi Kraliça II Marqret tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Lakin onun bəzi müddəaları ilə əlaqədar yerli hüquq müdafiəçiləri iddia edirlər ki, bu normativ akt Danimarkanın iştirakçısı olduğu insan hüquqlarına dair bir sıra beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edir.

Keçən il Danimarkada sığınacaq verilməsi haqqında 21 min ərizə qeydə alınıb. Son rəy sorğularına əsasən, Danimarka əhalisinin 70 faizi hesab edir ki, immiqrasiya ölkənin əsas problemidir.