Səməd Seyidov danışdı: "Vəzifədən uzaqlaşdırılmağım…"

1 Fevral 2016 11:58 (UTC+04:00)

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə yayılan məlumatlara münasibət bildirib.

Publika.az-ın məlumatına görə, S.Seyidov jurnalistlərə açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil: “Mətbuatda AŞPA-nın nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmağımla bağlı yazı məni çox təəccübləndirdi, məni çox məşhurlaşdırdı. Çünki Avropadan, Rusiyadan, eləcə də başqa ölkələrdən mənə arası kəsilməyən zənglər gəlir. Konkret cavabım ondan ibarətdir ki, bu məlumatlar tamamilə yanlışdır. Nümayəndə heyətinin tərkibi təsdiq olunaraq parlament tərəfindən göndərilib. Hazırda nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm. Düzdür, AŞPA-nın yanvar sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır. Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktublar, Ermənistanın məktublardan istifadə etməsi və digər məlumatın hamısı həqiqətə uyğun olmayan məsələlərdir.

Təəssüf ki, bəzən biz qeyri-obyektiv məsələləri həqiqət kimi verməyə çalışırıq. Əslində bu, tamamilə başqa məsələdir. Rəsmi olaraq da təkrar edirəm ki, nümayəndə heyəti yanvar sessiyasında öz fəaliyyətini çox yüksək səviyyədə təşkil edib. Müavinim Vüsal Hüseynov orada mənim əvəzimdən iştirak edirdi. İşimizi bundan sonra da layiqincə davam etdirəcəyik. Bu məsələlər, sadəcə, Azərbaycanın imicinə xaricdə zərər gətirə biləcək məsələlərdir. Ona görə də mətbuatdan xahiş edirəm ki, hansısa məlumatı verməmişdən qabaq nümayəndə heyətinin rəhbərinin münasibətini soruşun”.

Vasif Həsənli