Məleykə Əsədova: “Üstündən 22 il keçib, mənə hələ də…” – MÜSAHİBƏ

1 Fevral 2016 15:45 (UTC+04:00)

Azərbaycanda tanınan, sevilən xalq artistlərinin çoxu məhz ona borcludur. Çünki onları səhnəyə gətirən, sənətin incəliklərini öyrədən məhz o olub. İndi həmin aktyorlar fəxrlə deyir ki, Lütfi Məmmədbəyovun yaratdığı teatr məktəbinin yetirmələridir.

Söhbət Azərbaycan milli teatrında misilsiz xidmətləri olan novator bir rejissordan - Lütfi Məmmədbəyovdan gedir. Bu gün onun xatirə günüdür.

1927-ci ildə Ağdaşda anadan olan rejissor 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.

Böyük aktyorluq məktəbi keçən Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filmini də məhz o çəkib. Onun Əlibala Hacızadənin əsəri əsasında ekranlaşdırdığı 12 seriyalı “İtkin gəlin” serialı qısa vaxtda populyarlıq qazanıb.

Publika.az 2004-cü ilin bu günündə - fevralın 1-də dünyasını dəyişən sənətkarı sevimli aktrisası, xalq artisti, Akademik Milli Dram Teatrının aktrsiası Məleykə Əsədova ilə birgə yad edəcək.

- Bildyimizə görə, Lütfi Məmmədbəyovun ən sevimli aktrisası olmusunuz. Elə ona görə də, xatirə günündə onu məhz sizinlə xatırlamaq istədik.

- Sənət aləmində tanınmağımda Lütfi Məmmədbəyovun böyük rolu olub. Bunu həmişə etiraf etmişəm. Lütfi Məmmədbəyov məni Azərbaycan tamaşaçısına sevdirib, tanıdıb. Ümumiyyətlə, səhnəmizdə olan tanınmış və sevilən xalq artistlərinin əksəriyyəti Lütfi müəllimin yetirmələridir.

- Yadımdadır ki, onun səhnələşdirdiyi “Yad” qızı tamaşası izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdi…

- O tamaşadan sonra həp kəs məni “Jalə”, - deyə çağırırdı. Onda çox gənc idim, 21 yaşım vardı. Jalə məndən yaşca çox böyük idi. Lütfi müəllim israr etdi ki, bu rolu mütləq Məleykə oynamalıdır. Məni qrimlədilər və rolum gözlənildiyindən də böyük uğurla qarşılandı. Lütfi müəllim bundan sonra məni dalbadal baş rollara dəvət etdi.

- Bir rejissor olaraq sirri nədə idi ki, onun istənilən tamaşası böyük mədəniyyət hadisəsi kimi qarşılanırdı?

- Birincisi, keyfiyyətli əsərə müraciət edirdi. İkincisi, mükəmməl aktyor truppası ilə çalışırdı. Buna görə də quruluş verdiyi bütün tamaşalar uğurlu alınırdı, sevilirdi, tamaşaçı qəlbinə yol tapırdı.

- Bildiyimizə görə estet idi və xarici görünüşə də önəm verirdi?

- Doğrudur. Həmişə deyirdi ki, aktrisanın gözəl vucudu, gözəl qoğalı olmalıdır. Qoğal cazibədar üzə deyirdi. Eyni zamanda, istedada, ürəyə və nitq qabiliyyətinə fikir verirdi. Bütün bunlar vəhdət təşkil etməsə, o, həmin aktrisa və aktyora rol verməzdi.

- Bir rejissor kimi çəkiliş zamanı sərt idi, yoxsa mülayim?

- Tələbkar rejissor idi. İşləməyi çox sevirdi. Bu gün onun yeri çox görünür.

- Bəs xaraktercə necə insan idi?

- Sadə, təvazökar və canıyanan. Problemi olan məhz ondan kömək istəyrdi. O da hər kəsə kömək əlini uzadırdı. İstedad çox vacibdir, amma şansım onda gətirib ki, Allah onu mənim qarşıma çıxardıb. O, məni səhnəyə gətirib, yol göstərib, uğur qazandırıb.

- Elə bir məsləhəti vardı ki, bu gün də qulağınızda sırğa etmisiniz?

- Həmişə onunla məsləhətləşirdim. Bu gün də onun məsləhətlərini xatırlayıb, əməl edirəm. Lütfi müəllim deyirdi ki, aktrisa kimi öz dəyərini bil. Belə bir sözü vardı, aş üstündə xuruş ol.

- “İtkin gəlin” adlı ilk serialı da Azərbaycanda Lütfi müəllim çəkmişdi… Xatırlayırsınızmı, serialı Azərbaycan tamaşaçısı necə qəbul etmişdi?

- Serial çox böyük maraqla izlənildi. Hər yerdə deyirdilər ki, Jalə Əfsanəni oynayıb. Yəni, həmin vaxta qədər məni hələ də “Yad qızı”nda oynadığım Jalə kimi tanıyırdılar. Amma bu filmdən sonra hər kəs məni “Əfsanə” deyə çağırmağa başladı. Üstündən 22 il keçib, mənə hələ də “Əfsanə” - deyə müraciət edənlər var. Bu serialdan sonra bir çox valideynlər qızının adını Əfsanə qoydu. O film çox böyük maddi problemlərlə qarşılaşdı. Ordan-burdan pul tapıb, çox çətinliklə filmi çəkdi. Allah Lütfi müəllimə rəhmət eləsin, onun sayəsində tamaşaçılarımın qəlbinə yol tapa bildim. Sağ olun ki, xatirə günündə onu məhz mənimlə yad etdiniz.

Cəvahir Səlimqızı