Yunanıstan qaçqınlar üçün beş qeydiyyat mərkəzi açacaq

2 Fevral 2016 07:08 (UTC+04:00)

Yunanıstanın hakimiyyət orqanları qaçqınların qeydiyyatı və yerləşdirilməsi üçün nəzərdə tutulan 5 mərkəzin (Hot Sports) tikintisini fevralın sonunadək başa çatdırmaq niyyətindədir. Həmin mərkəzlər Egey dənizindəki adalarda açılmalıdır. Hər birində təqribən 4 min qaçqın yeri olan daha iki iri mərkəzi ölkənin materik hissəsində inşa etmək planlaşdırılır. Macarıstanın MTI informasiya agentliyi xəbər verir ki, Yunanıstan hökuməti bu barədə qərarı ötən istirahət günləri qəbul edib.

Yunanıstana gələn miqrantlar keçmiş ordu kazarmalarında da məskunlaşdırılacaq. Hökumətin nümayəndəsi bildirib ki, Yunanıstan ordusu qaçqınların yeməyini və təchizatını öz üzərinə götürəcək. Hökumətin rəsmi bəyanatında deyilir: “Yunanıstan özünün bütün öhdəliklərini yerinə yetirəcək”.

Hazırda Yunanıstanda tam gücü ilə yalnız Lesbos adasındakı qaçqınları yerləşdirmə mərkəzi işləyir. Afina adalarda 5 məntəqənin tikintisini əvvəlcə 2015-ci ilin sonunadək başa çatdırmağı planlaşdırırdı. Yunanıstan hökuməti bu planın pozulmasını heyət çatışmazlığı ilə izah edib. Avropa İttifaqı bu çatışmazlığı aradan qaldıracağını Afinaya vəd etsə də, hələ də Yunanıstana lazımlı mütəxəssislərin hamısı göndərilməyib.

Bu arada Türkiyədən Yunanıstana qaçqın axını səngimir. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, əlverişsiz hava şəraitinə baxmayaraq, yanvarın 1-dən 30-dək həmin marşrutdan 58 mindən çox qaçqın istifadə edib. Həmin müddətdə Aralıq dənizində həlak olanların və itkin düşənlərin sayı 309 nəfər təşkil edib.