İraq Səddama möhtac oldu - VİDEO

2 Fevral 2016 23:16 (UTC+04:00)

Neftin qiymətinin 30 dollara qədər düşməsi və İŞİD terror təşkilatı ilə mübarizə İraqı ağır iqtisadi böhranla qarşı-qarşıya qoyub.

Publika.az “Anadolu” agentliyinəistinadən xəbər verir ki,İraq hökuməti iqtisadi böhrandan çıxmaq üçün keçmiş lider Səddam Hüseyn dövründə tikilən saraylar və dövlətə aid mülkləri satışa çıxarır.

“Anadolu”ya danışan İraq parlamentinin maliyyə komitəsinin üzvü Məsud Haydar Səddam Hüseyn dövründə tikilən saraylar və dövlətə aid mülklərin satışa çıxarılması üçün təkliflərin hökumətə təqdim edildiyini bildirib. Onun fikrincə, bu mülk və sarayların satılmasından əldə olunan gəlir büdcəyə ciddi fayda verə bilər.

Komitənin digər bir üzvü Necibə Nəcib də dövlətə aid mülklər və Səddamın saraylarının satılmasının iqtisadi böhrandan çıxmaq üçün dövlətin əlindəki variantlardan biri olduğunu deyib.

Maliyyə komitəsinin məlumatına görə, sözügedən saray və mülklərin satışından təxminən 200 milyard dollarlıq gəlir əldə ediləcək. İraqda bəzi partiya liderləri və tanınmış şəxslər Səddam Hüseynin tikdirdiyi saraylar və dövlətə aid mülkləri mənimsəyiblər. Onlar buna görə də saraylar və mülklərin satışına qarşı çıxır, bunun dövlətin suverenliyini zədələyəcəyini bildirirlər.

Ömər Dağlı