SOCAR-da maaşlar artırılacaq

5 Fevral 2016 15:59 (UTC+04:00)

"Neft şirkətinin büdcəsində imkanlar məhduddur. Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası edəcəyik".

ANS PRESS-in məlumatına görə, bu barədə gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Biz mütəmadi olaraq əmək haqlarını qaldırırıq. Məsələn, 2007-ci ildə 25% qaldırdıq. Bizim ayırdığımız əmək haqqı başqa dövlət şirkətlərinə nisbətən kifayət qədər yüksəkdir". - deyə R. Abdullayev bildirib.

Əmək haqlarının hansı miqdarda artacağına gəlincə, SOCAR prezidenti deyib ki, bu istiqamətdə ilk öncə hesablamalar aparılmalıdır: "Çalışacağıq ki, əməkdaşlarımıza köməklik edək. Büdcə təşkilatlarında çalışanlarla müqayisədə bizim aldığımız (əmək haqları - red.) arasında çox fərq var. Bu məsələdə inflyasiya nəzərə alınacaq".