İran seçim ərəfəsində

8 Fevral 2016 06:42 (UTC+04:00)

İran İslam Respublikasında parlament seçkilərinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

İranın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, isfənd ayının 7-də (26 fevralda) keçiriləcək seçkilərdə İran İslam Şurasına (parlamentə) seçilmək üçün 12 min namizədin adı Seçkilərin konstitusiyaya uyğunluğuna nəzarət şurasına (Şurayi Neqahban) təqdim edilmişdi. Onlardan 6180 –nin namizədliyi qeydə alınıb.

Ötən seçkilərdən fərqli olaraq bu il parlamentə seçilmək istəyənlərin sayının çoxluğu nəzərdən qaçmayıb. İranda 10-cu dəfə parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, fevralın 26-da parlament seçkiləri ilə yanaşı, Ekspertlər Şurasına (Məclisi Xubreqan) da seçkilər keçiriləcək. Bu qurum İranın əhəmiyyətli hakimiyyət orqanlarından biridir. Ekspertlər Şurasına İranın hər vilayətindən 1 nəfər ruhani seçilir. Şura 82 nəfərdən ibarət olur və əsas funksiyası İran İslam Respublikasının Ali Liderini seçmək, vəzifədən kənarlaşdırmaq və fəaliyyətinə nəzarət etməkdən ibarətdir.