Moskva Bakını itirir: Suriya və Qarabağda müharibə eyni vaxtda başlayır?

11 Fevral 2016 18:31 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya kürdlərinə dəstək verdiyi üçün Amerikaya qəzəblidir. O, eyni zamanda, Moskva ilə ciddi mübahisələr aparır. Ərdoğan hazırkı situasiyada Azərbaycana böyük ümidlərlə baxır. Çünki Bakının Suriya məsələsində rolu getdikcə böyüyür.

Publika.az
xəbər verir ki, bu barədə Rusiyanın “Qazeta.ru” portalında siyasi ekspertlər Nadana Fridrixson və Yelizavet Mayetnanın müəllifliyi ilə yayımlanan məqalədə deyilir: “Günün əsas sualı belədir: Rusiya Azərbaycanı itirir? Birincisi, Dağlıq Qarabağda vəziyyət xeyli gərgindir və Bakı ərazilərini qaytarmaq üçün müharibə variantına əl ata bilər. İkincisi, Azərbaycan Moskva və Ankara arasında seçim etməlidir. Səudiyyə Ərəbistanının formalaşdırdığı, Türkiyənin də təmsil olunduğu İslam koalisiyasına qoşulmaq Bakının Moskva ilə münasibətlərinə zərər verə bilər. Moskvaya yaxınlıq da Ankara ilə münasibətlərin pozulmasına gətirib çıxara bilər. Həmçinin, Qərblə münasibətlərdə problemlər yarada bilər. Lakin görünən odur ki, Prezident İlham Əliyev Londonda Suriya və regiona dəstəklə bağlı keçirilən konfransda iştirak etməklə öz seçimini edib”.

Müəlliflər qeyd edir ki, Ankara Suriyada genişmiqyaslı müharibəyə hazırlaşır və bu məsələdə ona Azərbaycanın yardımı lazımdır.

Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti, politoloq Qriqori Trofimçuk bildirib ki, Londonda iştirak Azərbaycanın Suriya münaqişəsinə birbaşa qoşulması demək deyil.

“Lakin sözsüz ki, Azərbaycana İslam koalisiyasına qoşulmaq təklif edilir. Ola bilsin ki, Azərbaycan prosesdə təchizatçı rolunu üstünə götürsün. Bu Rusiyanın Azərbaycanı itirməsi ilə də nəticələnə bilər”, - deyə politoloq vurğulayıb.

Politoloq Vladimir Jarxin isə hesab edir ki, Prezident İlham Əliyev sona qədər seçimini etməyəcək: “Əgər seçim edəcəksə, bunu ən sonda edəcək. Amma maksimum şəkildə balans siyasətini davam etdirəcək”.

Qriqori Trofimçuka görə, Bakının seçimi üçün Qərb Dağlıq Qarabağ məsələsində güzəştə gedə bilər: “Qərb Qafqaz və Xəzər dənizi boyunca öz siyasətini yeritmək üçün Qarabağdan istifadə edə bilər. Münaqişə 100 faiz olmasa da, 80 faiz həll edilə bilər”.

Məqalədə vurğulanır ki, Rusiya Azərbaycanı tamamilə itirmək təhlükəsi ilə üzləşib.

“Doğrudur, Dağlıq Qarabağ münaqişəsinin vasitəçisi kimi Rusiya ilə əlaqələr daim Bakı üçün əhəmiyyətli olub. Lakin son proseslər üstünlüyün Moskvanın əlindən çıxması ilə nəticələnə bilər”, - deyə məqalədə bildirilir.

Asif Nərimanlı