Qusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub.
Bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər
09 radələrində Hil kəndində yeni tikilmiş, amma hələlik yaşayış
olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və
32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri
tapılıb.
Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və
həyat yoldaşı ilə atasının evində yaşayırdı. Oğlanın Bakıda olan
valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub
qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər.
Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və
tanımadığı gənc qadının meyitlərini görərək dərhal polisə xəbər
verib. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq
çıxarılıb.
Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası
olduğu bildirilir. Hadisə yerində olarkən mərhumun qohumları
çəkilişə icazə verməsələr də bildirdilər ki, onlar dəm qazından
boğulublar.
Rəşad Mustafayevin dayısı Şahin Məmmədrzayevin sözlərinə görə,
onlar hadisə haqda səhər saatlarında eşidiblər: "Qazdan olub. Təmiz
qaz olsaydı, elə ola bilməzdi".
Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su
qızdırıcının hava çıxan borusuna kağız qoyub ki, içəriyə heç nə
girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları
ehtimal edilir. Hadisə yerində olan Qusar qaz istismarı sahəsinin
rəisi Azər Abbasov bütün bunların araşdırma başa çatandan sonra
aydın olacağını deyib.
Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb. Qusar prokurorluğu 2 nəfərin ölüm faktının araşdırılmasına başlayıb.