İran neft bazarına qayıtdı

15 Fevral 2016 07:41 (UTC+04:00)

İran dünya gücləri ilə nüvə sazişi imzalayandan sonra ilk dəfə olaraq Avropaya neft ixracına başlayıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran neft nazirinin müavini Roxnəddin Cavadi bunun son beş ildə İrandan Avropaya ilk neft nəqli olduğunu bildirib. O deyib ki, bu, ölkə iqtisadiyyatının tarixində “yeni fəsil” olacaq.

Nazir müavini bildirib ki, bir neçə xarici tanker İran nefti ilə doldurularaq Avropa sahillərinə yola salınıb.

İran dünya gücləri ilə bağladığı nüvə sazişinin icrasının ardınca dünya bazarına günə 1 milyon barrel neft çıxarmağa hazırlaşır.

İranın Qərb banklarındakı aktivləri üzərindəki həbs qaldırılıb və ekspertlərin fikrincə, bu, Tehranın neft bazarına daha rahatlıqla qayıtmasına geniş imkan açır.

Cavadi deyib ki, İran neft ixracı barədə Fransa, Rusiya və İspaniya ilə müqavilələr imzalayıb.

İran 2012-ci ildək gündə 2, 3 milyon barrel neft ixrac edirdi, lakin həmin il ixrac 1 milyon barrelə düşmüşdü. İranın hazırkı hasilatı günə 3,1 milyon barreldir.

İran ötən ay bildirib ki, bazardakı yerinin tam bərpası naminə neftin ucuzlaşmasına baxmayaraq hasilatı artıracaq.

Noyabr ayında İran neft kontraktlarının yeni modelinin tətbiqinə başlayıb. Şirnikləndirici qiymətlərə əsaslanan bu model son nəticədə Tehrana 30 milyard dollar investisiya cəlb eləməlidir.

Bundan başqa yeni kontraktlar daha uzun müddətə - 15-20 illiyinə bağlanacaq.

Bu, investorlar üçün riskin azaldılmasına imkan verir.