Poroşenko Yasenyuk və Şokini istefaya çağırdı

16 Fevral 2016 19:57 (UTC+04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko baş nazir Arseniy Yasenyuk və Baş prokuror Viktor Şokini “hakimiyyətə etibarın bərpası üçün” könüllü istefaya verməyə çağırıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat katibi Svyatoslav Seqolko “Twitter”dəki səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, hökumət parlament koalisiyasının dəstəyini tamamilə itirib. Poroşenko həmçinin bildirib ki, parlamenti yalnız son anda buraxacaq.

“Ali Radanın buraxması vəzifə deyil, yalnız prezidentin hüququdur”, - o, qeyd edib.

Dövlət başçısı həmçinin əlavə edib ki, koalisiyanın dağılması ölkəni dərin və uzunmüddətli siyasi böhrana aparacaq.

Fevralın 10-da Ukrayna KİV-i “Pyotr Poroşenkonun Bloku”ndakı anonim mənbəyə istinadən bildirib ki, ölkə prezidenti Yasenyuku istefaya göndərmək barədə qərar verib. “Poroşenko hazırda düşünür ki, ondan sonra kim baş nazir olacaq. Dövlət başçısı namizədi tapan kimi istefa reallaşacaq”, - mənbə deyib.

Ömər Dağlı