Azərbaycan müdafiə xərclərini 21% artırır

18 Fevral 2016 11:52 (UTC+04:00)

Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat və ya 21,3% artırır.

"APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində əksini tapıb.

Qanun layihəsində bu il üçün müdafiə xərcləri 2 mlrd. 229 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 2 mlrd. 114 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.

Qeyd edək ki 2016-cı ilin təsdiqlənmiş büdcəsində cari il üçün müdafiə xərcləri 1 mlrd. 838 mln. manat səviyyəsində proqnozlaşdırılmışdı. Bu vəsaitin 1 mlrd. 723 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.

Müdafiə xərclərinin artmasının səbəbi müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 mln. manat artırılması ilə bağlıdır.