Mağaza müdiri barəsində cinayət işi açıldı

18 Fevral 2016 16:38 (UTC+04:00)

“Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin Göyçay şəhərində yerləşən 4 saylı firma mağazasının müdirinin qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı qeyd edilən mağazanın müdiri Məhəmmədəli Qədirov tərəfindən şirkətin anbarından satış üçün verilmiş spirtli içkilərin dəyərinin kassaya mədaxil edilməməsi nəticəsində cəmiyyətə məxsus 86 min manat məbləğində pul vəsaitini mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.