Ömür Çelikdönmez: “Türkiyə artilleriyanı işə salacaq və...” – MÜSAHİBƏ

18 Fevral 2016 16:52 (UTC+04:00)

Fevralın 17-də axşam saatlarında Ankarada terror aktı törədildi. Aparılan araşdırmalarda kamikadzenin PYD (PKK-nın Suriya qolu – red.) üzvü olduğu ortaya çıxdı. Bundan sonra Türkiyənin PYD-yə qarşı hərbi əməliyyatları genişləndirəcəyi məsələsi gündəmdədir. Həmçinin, gərgin olan Ankara-Moskva münasibətləri fonunda bu terror aktının Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərindən öncə baş verməsi, nəticədə səfərin təxirə salınması da diqqətdən yayınmayan detaldır.


Türkiyəli politoloq Ömür Çelikdönmez Publika.az-a müsahibəsində bu məsələləri şərh edib.


- Ömür bəy, PYD-nin Ankarada törətdiyi terror aktında sonra Türkiyənin Şimali Suriyada bu terror təşkilatına qarşı əməliyyatları genişlənəcəkmi?


- Paris terror aktından sonra Fransa BMT Təhlükəsizlik Şurasının qərarını gözləmədən Suriya və İraqda İŞİD-in mövqelərini bombaladı. Yenə ABŞ beynəlxalq ictimaiyyətin qərarını gözləmədən özünün qurduğu koalisiya ilə İraq və Suriyada bəzi mövqelərə hücum etdi. Türkiyə qanuni şəkildə hərəkət etmək yolunu seçdiyi üçün indiyə qədər yüzlərlə insanın qurban getməsinə, yüz minlərlə miqrant yükünə, sərhədlərinin pozulmasına rəğmən BMT və NATO-nun qərarlarından kənara çıxmadı. İsrarla “təhlükəsiz bölgə” və “uçuşa yasaq bölgə” tələblərini irəli sürdü. 17 fevral terror aktına qədər Türkiyənin bu tələblərini Almaniya kansleri Angela Merkeldən başqa heç kim diqqətə almadı. İndi gözlənilən odur ki, hər şeydən öncə Türkiyənin “təhlükəsiz bölgə” və “uçuşa yasaq bölgə” tələblərinin BMT, Avropa Birliyi, NATO-nun diqqətə alınması və Ankaranın istədiyi qərarların çıxmasıdır. Türkiyə öhdəlik qaydalarını tətbiq etməyi, Suriya müxalifətini humanitar yardımlarla dəstəkləməyi, xəbərdarlıqları diqqətə almayan PYD mövqelərini artilleriya atəşləri ilə vurmağı davam etdirəcək.

- Türkiyə indiyə qədər PYD-nin terror təşkilatı olduğunu deyir, ABŞ isə bunun əksinə çıxırdı. İndi Vaşinqtonu mövqeyində hansısa dəyişikliklər ola bilərmi?


- Türkiyə xüsusi xidmət orqanı MİT 17 fevraldan öncə PKK-nın Suriya qolu PYD/YPG -ə bağlı 14 nəfərlik bir terrorçu qrupun ölkəyə sızdığını bildirmişdi. MİT-in Ümumi Təhlükəsizlik İdarəsi və Jandarma Baş Komandanlığına təqdim etdiyi sənəddə Salih Müslümə bağlı olan qrupların köməyi ilə terror aktı törətmək üçün Türkiyəyə sızan 14 terrorçunun adları da açıqlanmışdı. Suriya rejimi, Rusiya və Amerika Türkiyənin PYD-PKK xəbərdarlığına baxmayaraq, adıçəkilən təşkilatla hər cür siyasi və hərbi bağlantılar qurdu. Rusiya və ABŞ rəhbərlərinin təmsilçiləri Kobanidə PYD təmsilçilərini ziyarət etdi, hətta Moskvada PYD rabitə bürosu açıldı. 17 fevral hadisəsi ilə birlikdə PYD-nin terror təşkilatı olduğu təsdiqləndi. Rusiya və ABŞ-ın bu prosesdən sonra adıçəkilən təşkilatla münasibətlərinin forması diqqət çəkəndir. Bu qanlı hücumdan sonra beynəlxalq ictimaiyyətin reaksiyası adıçəkilən ölkələri PYD məsələsində daha diqqətli olmağa məcbur edəcək. Ehtimal ki, onlar PYD ilə daha məsafəli münasibət quracaqlar.


- Ankara terroru Ərdoğanın Bakı səfəri öncəsi törədildi və nəticədə səfər təxirə salındı. İddialar var ki, bu terroru Rusiya təşkil edib və bunun Türkiyənin Azərbaycan, dolayısı ilə Cənubi Qafqaz siyasətini əngəlləmək məqsədi daşıyır. Bu haqda nə deyə bilərsiniz?


- Türkiyə və Azərbaycan “iki dövlət bir millət” məfkurəsinə sıx şəkildə sarılaraq siyasətlərini aparır. Bu qardaşlıq bağlarının qorunmasında, davam etdirilməsində və inkişafında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın əməyi böyükdür. İki ölkə siyasi, iqtisadi və hərbi sahədə hər cür əməkdaşlıq edirlər. Bundan başqa unutmamalıyıq ki, Türkiyə və Azərbaycan Turan Ordusunun qurucularıdır. Türkiyə Azərbaycan dövləti və xalqının qardaşı, müttəfiqidir.
Cənubi Azərbaycan və Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ məsələsində Türkiyənin milli mövqeyi beynəlxalq ictimaiyyətə məlumdur. Türkiyə erməni quldur dəstələrinin Dağlıq Qarabağdan bir an öncə çıxarılmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini bütün platformalarda dilə gətirir. Ermənilərin hamisinin Rusiya olduğu və Ermənistanın bu ölkə tərəfindən silahlandırıldığı məlum məsələdir. O gün olmur ki, ermənilər cəbhə xəttində Azərbaycan mövqelərinə hücum etməsin. Belə bir vəziyyətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri böyük əhəmiyyət daşıyırdı. Rusiyanın terror təşkilatı ilə münasibətlərinin eyni zamanda Azərbaycanın təhlükəsizliyini təhdid edən səviyyəyə qalxması müşahidə olunur. Misal üçün, kəşfiyyat məlumatlarından da bəllidir ki, terror təşkilatı PKK-nın Qəndildən Ermənistana köçürülməsi məsələsi gündəmdədir.
Ümumiyyətlə, 17 fevral Ankara terror aktına görə Ərdoğanın Bakı səfərinin təxirə salınmasında Rusiya-PYD münasibətlərinin dolayısı ilə təsiri var.


Asif Nərimanlı