HƏDƏ-QORXU: “Həyat yoldaşını zorlayacağıq” - FOTOLAR
18 Fevral 2016 22:29 (UTC+04:00)
Karyerası ərzində tez-tez qalmaqallarıyla gündəmə gələn
Kevin-Prins Boatenqin kitabı çıxıb.
Publika.az xəbər verir ki, qanalı futbolçu 352
səhifədən ibarət olan və "Mən Prins Boatenqəm" adlanan kitabında
bir çox maraqlı məqamlara toxunub.
Kitabda ən çox maraq doğuran fikirlər isə Mixael Ballakla
bağlıdı. Belə ki, 2010-cu ilin may ayında keçirilmiş "Portsmut" -
"Çelsi" oyununda Boatenq "zadəganlar"ın alman futbolçusuna qarşı
çox sərt oynamış və bunun da nəticəsində həmin il CAR-da təşkil
edilən dünya çempionatı Ballak üçün başlamadan bitmişdi. O vaxt
Almaniya mətbuatında Boatenqin Ballakı bilərəkdən zədələdiyi barədə
xəbərlər yayılmış və qanalı futbolçu sərt tənqid olunmuşdu. Boatenq
kitabında həmin hadisəylə bağlı bunları qeyd edib:
- Ballakı heç vaxt sevməmişəm. Onunla ilk dəfə 18 yaşım olanda,
"Herta"da forma geyinərkən üz-üzə gəlmişdim. O, həmin oyunda mənim
ayağıma ardıcıl zərbələr endirirdi. Ondan niyə belə etdiyini
soruşduqda isə mənə "sakit ol, sən özünü nə zənn edirsən?" dedi.
Mən də ondan "bəs sən özünü nə zənn edirsən" deyə soruşdum. O isə
cavabında "mən ulduzam" dedi. Ona "ulduzlar da bir gün sönər"
cavabını verdim.
- Ballakın bir futbolçu kimi oyununu bəyənsəm də, insan kimi onu
heç sevmirdim. Ona qarşı sərt oynamağıma gəldikdə isə, həmin
qarşılaşmada bizim cərimə meydançasında mənə şillə vurmuşdu. Həmin
epizoda görə qırmızı vərəqə almalı idi. Bu vaxt onunla qarşılıqlı
söz atışmamız oldu. Bundan cəmi 5 dəqiqə sonra isə ona qarşı sərt
oynadım. Hakim mənə sarı vərəqə göstərdi. Bunu bilərəkdən
etməmişdim. Qayda pozuntusundan dərhal sonra ondan üzr istədim.
Ballak oyundan çıxdı. Bununla da, söhbət bağlandı. Ancaq sonradan
guya, mən həmin qayda pozuntusunu bilərəkdən etmişəm kimi bir
ab-hava yaradıldı. Ballakı zədələdiyim üçün milli komandanın
üzvləri mənə təşəkkür etdi. Mənə "yaxşı ki, o, milli komandanın
heyətində yoxdu" kimi mesajlar göndərdilər.
- İngiltərədə bu hadisə o qədər də müzakirə edilmədi. Hətta
paltardəyişmə otağında da bu barədə danışmadıq. Ancaq Almaniyada bu
məsələni həddən artıq şişirtdilər. Məni əsas hədəf halına
gətirdilər.
- Bu hadisədən sonra çoxlu irqçi təhqirlərə və ölüm təhdidlərinə
məruz qaldım. 80 yaşında bir qoca zibil atmağa getdiyim zaman mənə
orta barmağını göstərdi. Evimə "murdar zənci, səni qaz kamerasında
boğmaq lazımdı", "həyat yoldaşını zorlayacağıq", "sənin pasportunu
cırmaq lazımdı" kimi təhdid məktubları gəldi. Bununla bağlı polisə
müraciət etdim. O vaxtlar tək qalmışdım.
- Tənqidlərə sinə gərə bilmədim. Ancaq artıq öyrəşmişəm.
Qardaşlarım Ballakdan üzr istəməli olduğumu deyirlər. Mən bunu
düzgün saymadım. Çünki meydanda üzr istəmişdim. Lakin Ballak bunu
hələ də, inkar edir".
Kevinin ögey qardaşı Jerom Boatenq də futbolçudur. Ancaq o,
Kevindən fərqli olaraq Almaniya millisinin şərəfini qoruyub.
Boatenq karyerası ərzində "Herta", "Tottenhem", "Borussiya"
(Dortmund), "Portsmut" və "Milan"ın şərəfini qoruyub. Futbolçu
2013-cü ildə "Şalke"yə yollansa da, bu ilin qış transfer
pəncərəsində yenidən "Milan"a qayıdıb.
Bu gün satışa çıxacaq "Mən Prins Boatenqəm" kitabının qiyməti 22
avro 99 sentdir.