“Türkiyə Suriyada quru əməliyyatlarına başlasa...” – ŞOK PROQNOZ

19 Fevral 2016 21:45 (UTC+04:00)

“Effektiv hava hücumundan müdafiə sisteminin olmaması Türkiyənin Suriyaya müdaxiləsinə mane olur”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu MDB dövlətləri İnstitutunun Avrasiya inteqrasiyası və Şanxay Əməkdaşlı Təşkilatının genişləndirilməsi şöbəsinin müdiri Vladimir Yevseyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriya qoşunları ilə Türkiyə silahlı qüvvələrinin toqquşması Ankara üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Ekspertin sözlərinə görə, hazırda Suriyada quru əməliyyatlarını yalnız Türkiyə həyata keçirə bilər: “Amma bir neçə amil var ki, Türkiyəyə bunu etməyə mane olur. Hava hücumundan effektiv müdafiə sisteminin olmaması Türkiyə qoşunlarının Suriyaya müdaxiləsinə mane olur. Türkiyənin sahib olduğu müdafiə sistemləri bütün ərazini qorumağa imkan vermir. Suriyaya daxil olan türk qoşunları aviasiya ilə təmin olunmayacaq və bu halda Suriya aviasiyası aktiv olacaq. Belə şərtlərlə aparılan müharibədə şəxsi heyət və hərbi texnikanın itkiləri yüksək olacaq”.

Yevseyev həmçinin iddia edir ki, türk tankları texniki baxımdan Suriya ordusunun malik olduğu tanklardan geri qalır: “Quru əməliyyatları başlayacağı halda Rusiyanın T-90 tankları ilə Türkiyənin tankları toqquşacaq. Bu halda türk tanklarının məhvini proqnozlaşdırmaq olar”.

O, həmçinin Türkiyə hərbçilərinin Suriyanın kürd gücləri üzərində əhəmiyyətli üstünlüyünü etiraf edib.

“Bu faktdır ki, Suriya kürdlərinin üzərində türk ordusunun texniki üstünlüyü astronomikdir. Amma Suriya ərazisində genişmiqyaslı toqquşmalar olarsa, heç kim Rusiyaya türk zirehli texnikasını məhv edəcək silahları çatdırmağı qadağan edə bilməyəcək. Xüsusi halda, “Kornet” tank əleyhinə kompleksi nəzərdə tuturam. Bütün bunları nəzərə alaraq, mən düşünürəm ki, Türkiyə qoşunlarının Suriya ərazisinə heç bir genişmiqyaslı müdaxiləsi mümkün deyil. Ancaq Türkiyə müxalifət qüvvələrinin təchizatını təşkil etmək üçün sərhədə yaxın ərazilərdə lokal əməliyyatlar apara bilər”, - ekspert bildirib.

Ömər Dağlı