Vaşinqtonda anti-Obama hesabatı: Türkiyənin PKK-PYD mövqeyi təsdiqləndi

22 Fevral 2016 15:38 (UTC+04:00)

ABŞ Milli Terrorla Mübarizə Mərkəzi PKK terror təşkilatı ilə PYD arasında heç bir əlaqənin olmadığını iddia edən Ağ Ev və Dövlət Departamentini pis vəziyyətdə qoyan hesabat hazırlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hesabatda PYD-nin PKK-nın Suriya qolu olduğu bildirilib.

Milli Terrorla Mübarizə Mərkəzi birbaşa ABŞ prezidentinə bağlı olaraq fəaliyyət göstərir. Hesabata görə, PKK-nın fəaliyyəti yalnız Türkiyə və Şimali İraqla məhdudlaşmır, eyni zamanda Suriyanın şimalında da aktiv fəaliyyət göstərir.

Qlobal miqyaslı kəşfiyyat şəbəkəsinə malik olan qurumun hesabatına görə, PYD Suriyanın şimalındakı kürd bölgələrində təsir dairəsini genişləndirir.

Qeyd edək ki, Ankara Vaşinqtondan PYD-nin terror təşkilatı kimi tanınmasını və təşkilata verilən dəstəyin dayandırılmasını tələb edir. Ötən aylarda PYD-yə xeyli sayda silah-sursat çatdıran ABŞ isə hesab edir ki, PYD İŞİD terror təşkilatı ilə mübarizədə önəmli müttəfiqdir. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ötən günlərdə bildirib ki, Vaşinton PYD-ni terror təşkilatı kimi tanımır və ona dəstəyini davam etdirəcək.

Ömər Dağlı