ÇL: “Arsenal” - “Barselona”, “Yuventus” - “Bavariya”

23 Fevral 2016 12:10 (UTC+04:00)

Ötən həftə startı verilən Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün daha iki oyun olacaq.

Publika.az xəbər verir ki, qarşılaşmalar İngiltərə və İtaliyada baş tutacaq. Hər iki oyunu erkən final da adlandırmaq olar.

Londonda "Arsenal" turnirin son qalibi - "Barselona"nı qəbul edəcək. Kataloniyalıların heyətində top qovan Arda Turan bu gecə meydana çıxa bilməyəcək. Səbəb türkiyəli yarımmüdafiəçinin ötən mövsüm "Atletiko"nun heyətində çıxış edərkən, "Real"la Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə qırmızı vərəqə almasıdır. Amma digər türk Cüneyt Çakır matçın baş hakimi kimi meydanda olacaq.

Gecənin digər görüşündə isə İtaliya və Almaniya çempionları üz-üzə gələcək. "Yuventus" "Bavariya"nı qəbul edəcək. Turində keçiriləcək qarşılaşmanı ingiltərəli Martin Atkinson idarə edəcək.

Turin klubu matça itkilərlə çıxacaq. Komandanın əsas müdafiəçisi Corco Kyellini və Aleksa Sandro əzələlərində olan problem səbəbindən ötəngünkü məşq prosesini buraxmalı olublar. Xorvat hücumçu Mario Mancukiçin isə bu gün sabiq komandasına qarşı oynayacağı gözlənilir.

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

23 fevral

23:45 Arsenal (İngiltərə) - Barselona (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

London. "Emirates" stadionu

23:45 Yuventus (İtaliya) - Bavariya (Almaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Turin. "Yuventus" stadionu

Qeyd edək ki, 1/8 final mərhələsinin ötən həftə keçirilmiş ilk 4 oyununda Fransa PSJ-si İngiltərənin "Çelsi" klubunu 2:1, Portuqaliya "Benfika"sı Rusiya "Zenit"ini 1:0 hesabı ilə yenib, İtaliya "Roma"sı İspaniya "Real Madrid"inə 0:2, Belçika "Gent"i Almaniya "Volfsburq"una 2:3 hesabı ilə uduzub. İlk görüşlərə sabah - fevralın 24-də "Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" və PSV (Hollandiya) - "Atletiko" (İspaniya) matçları ilə yekun vurulacaq.