TRT-dən Xocalı soyqırımı ilə bağlı 2 gün CANLI YAYIM

23 Fevral 2016 14:20 (UTC+04:00)

Türkiyənin TRT televiziya kanalı ənənəsinə sadiq qalaraq 25 və 26 fevral tarixlərində Xocalı soyqırımı ilə bağlı canlı yayım həyata keçirəcək.

TRT-nin Bakı Təmsilçiliyindən Publika.az-a verilən məlumata görə, Xocalı faciəsinin növbəti ildönümü “TRT 1”, “TRT Haber” və “TRT Avaz” kanalları vasitəsilə dünyaya çatdırılacaq.

Bununla əlaqədar “TRT Avaz” kanalının çəkiliş qrupu fevralın 24-26-sı tarixlərində Bakıda olacaq. Onlar Azərbaycanın ağrı-acısını AzTV-nin texniki dəstəyi ilə Qız Qalası və Xocalı abidəsi önündən canlı həyata keçirəcək.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan bildirib ki, “TRT Avaz” kanalının koordinatoru Murat Akkoç və “Detay 13” proqramının aparıcısı Gökçən Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 2 gün ərzində Bakıda silsilə canlı yayımlar həyata keçirəcək.

Yildiray Arslan hər il olduğu kimi, bu il də Xocalı şahidlərindən alınan müsahibələrin, “Xocalı sənədlərı” və kliplərin “TRT Avaz”, “TRT Haber” ekranlarından yayımlanacağını bildirib.

Bununla yanaşı, TRT-nin Bakı Təmsilciliyinin hazırladığı “Xocalının Şahidləri” adlı 12 bölümdən ibarət proqram TRT kanallarında yayımlanacaq.

Vasif Həsənli