Fond sədri: “Bütün sosial proqramlar vaxtında reallaşdırılır”

23 Fevral 2016 14:52 (UTC+04:00)

Milli Məclisdə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər müzakirə edilib.

Publika.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun planlaşdırılan islahatlarla əhalinin sosial müdafiəsinin əlaqələndirilməsi konsepsiyası uğurla icra olunur.

“Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı dövrdə Azərbaycanda bütün sosial proqramlar vaxtında reallaşdırılır.

Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Müzakirəyə təqdim edilən Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində Fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır. Bu isə 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır.

Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur.

Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə əlaqədar bütün növ əmək pensiyalarının baza və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artımla bağlı əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.

Həmçinin, qanun layihəsində məcburi dövlət sosial sığorta aktları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artımlar nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102.9 milyon manat olmaqla, 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17.5 faiz və ya 15.3 milyon manat artımla nəzərdə tutulur. O cümlədən, hamiləliyə və doğuşa görə müavinət üzrə xərclər 1.3 faiz və ya 0.4 milyon manat artımla, uşağın anadan olmasına görə müavinət üzrə xərclər 10 faiz və ya 0.8 milyon manat artımla, 3 yaşa çatanadək uşaqlara qulluqla əlaqədar müavinət xərcləri 34.3 faiz və ya 3.3 milyon manat artımla, dəfn üçün müavinət xərcləri 10.3 faiz və ya 1.6 milyon manat artımla, işsizliyə görə müavinət xərcləri isə 2.4 dəfə və ya 9 milyon manat artımla proqnozlaşdırılır. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının ödənilməsi üzrə xərclər isə 0.9 milyon manat və ya 4.5 faiz artımla proqnozlaşdırılır”, - Fond sədri bildirib.

E.Mehdiyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin təklif olunan variantda qəbulu ölkəmizin sosial-iqtisadi həyatının mühüm həlqəsi olan sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının daha da artırılmasına əlavə imkanlar yaradacaq.

İqtisadiyyat şöbəsi