Yerli istehsal bu məhsulların idxalını azaldıb - RƏQƏM

24 Fevral 2016 15:38 (UTC+04:00)

2015-ci ildə xarici ticarət dövriyyəsi 20.7 mlrd. dollar təşkil edib. Bunun 11.4 mlrd. dolları ixracın, 9.2 mlrd. dolları idxalın payına düşüb.

Publika.az Mərkəzi Bankın 2015-ci il üzrə pul siyasəti icmalına istinadən bildirir ki, xarici ticarət balansının profisiti 2.2 mlrd. dollar olub. İxrac idxalı 24% üstələyib.

Dövr ərzində 165 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib. Ticarət dövriyyəsinin 47%-i Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşüb. Aİ ilə ticarət əlaqələrinin 29%-i İtaliya, 20%-i Almaniya, 11%-i Fransa, 6% isə Çexiya ilə həyata keçirilib.

MDB ölkələrinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 12% olub. Bu istiqamətdə ticarət dövriyyəsinin 75%-i Rusiyanın, 13%-i Ukraynanın payına düşüb.

Ticarət əlaqələrinin 34%-i digər ölkələrlə saxlanılıb. Bu ölkələr qrupunda əsas tərəfdaşlar ABŞ (17%), İsrail (12%), Çin 8% və Gürcüstandır (6%).

Hesabat ilində əmtəə ixracı 48% azalıb. Bu azalma əsasən ixracda əhəmiyyətli paya malik neft-qaz sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 52%, neft məhsulları üzrə 45%, təbii qaz üzrə 34% azalıb.

Meyvə tərəvəz və kimya sənayesi məhsullarının ixracında isə artım müşahidə olunub. Belə ki, meyvə-tərəvəz 7%, kimya sənayesi məhsullarının ixracı 5% artıb. Dövr ərzində ixracda əsas tərəfdaşlar İtaliya (20%), Almaniya (11%), Fransa (8%), İsrail (7%), Çexiya (5%) olub.

Hesabat ilində əmtəə idxalı 0.4% artıb. Dövlət sektoru üzrə isə idxal 30% azalıb. İdxal olunan məhsulların 16%-i Rusiya, 13%-i Türkiyə, 9%-i ABŞ, 8%-i Almaniya, 6%-i İtaliya və 6%-i Yaponiya kimi ölkələrinin payına düşüb.

İl ərzində idxal nəqliyyat vasitələri və onların hissələri, meyvə-tərəvəz, oduncaq və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə artıb. Yeyinti məhsulları, sement, tütün məmulatları, mebel üzrə isə yerli istehsalın genişlənməsi ilə əlaqədar azalıb.

İqtisadiyyat şöbəsi