Xəbər verdiyimiz kimi, fevralın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi (QASİM), Azərbaycan “Yeni Çağ” Analitik İnternet qəzeti (www.yenicag.az) və Xeber365.com xəbər portalının təşkilatçılığı ilə Xocalı Soyqırımının 24-cü Anım Gününə həsr olunmuş beynəlxalq panel hər iki ölkə rəsmilərinin, diplomatların, elm və ictimaiyyət xadimlərinin iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan “Yeni Çağ” Analitik İnternet qəzetinin baş redaktoru Aqil Ələsgər Xocalı və Türk Dünyasının şəhidləri ilə birlikdə, Ankara terrorunun qurbanlarını da yad edib. Şəhidlərin ruhunun əziz xatirəsi üçün bir dəqiqəlik sayğı duruşunun ardınca Türkiyə və Azərbaycan himnləri səslənib.
Anar Əsədli: “Xocalı türk millətinə qarşı son əsrdə törədilmiş terrorun simvoludur”
Tədbirin keçirilmə səbəbləri və başlıca məqsədlə bağlı çıxış edən “QASİM” sədri Anar Əsədli bildirib ki, “Xocalı yaddaşımızdan heç bir zaman silinməyəcək bir soyqırımdır. Xocalı insanlığa qarşı bir vəhşətdir. Xocalı türk millətinə qarşı son əsrdə törədilmiş terrorun simvoludur. Dünyada türk millətindən başqa elə bir millət yoxdur ki, son əsrdə bu qədər vəhşət yaşasın. Həm bölünsün, həm müharibə içində olsun, həm də torpaqları işğal olunsun, tarixi təhrif edilsin, mədəniyyətinə zərbələr vurulub, zənginlikləri məhv edilsin.
Bu bizim tariximizə, bu günümüzə və
gələcəyimizə qarşı daha həssas olmağımızı zəruri edir. Bəli biz,
düşmənimizi yaxşı tanımalıyıq. Erməni terrorçuları bizim qan
düşmənimizdir, amma unutmamalıyıq ki, necə bu gün Türkmənelində
PKK-nın arxasında, Türkmən dağında, PYG-nin arxasında rus var,
eləcədə 1992-ci ildə Xocalı soyqırımını törətmiş, ermənilərin də
arxasında onlara yardımçı olan 366-cı rus alayı vardı. Biz
dostumuzun, düşmənimizin fərqində olmalıyıq, əsl düşmən dəyişməz.
Bu gün Xocalını unutmamalıyıq ki, bir də soyqırım yaşamayaq, bir də
uşaqlar ölməsin, bir də insanlarımız ölməsin. Bu günki paneli
təşkil etməkdə də məqsədimiz elm adamlarının vasitəsilə soyqırımı
insanlarımıza tanıtmaqdır”.
Daha sonra panel başqanı araşdırmaçı
yazar Səlcuq Alkın paneli açıq elan edib.
Xəzangül Əmirova: “Atamı gözümün önündə diri-diri yandırdılar”
İlk öncə söz Xocalı soyqırımının canlı
şahidi Xəzangül Əmirovaya verilib.
Xocalı soyqırımı zamanı cəmi 8 yaşında olan Xəzangül Əmirova tədbir iştirakçılarına soyqırım gecəsi başlarına gələnləri danışıb. O gözünün qarşısında ailəsinin ermənilər tərəfindən necə öldürülməsini göz yaşları içərisində qeyd edib: “Atamı gözümün önündə diri-diri yandırdılar”. X.Əmirova bundan sonra belə faciələrin baş verməsini, uşaqların valideynsiz qalmasını istəmədiyini deyib.
Necdet Ünivar: “Xocalı soyqırımı məhz qərbli jurnalist və fotoqraflar tərəfindən sənədləşdirilib”
Daha sonra çıxış üçün söz Türkiya Böyük
Millət Məclisində Türkiyə-Azərbaycan dostluq qrupunun başqanı
Necdet Ünüvara verilib. Necdet Ünüvar bildirib ki “Hər il fevral
ayının son həftəsində Türkiyədə Xocalı soyqırımından bəhs olunur və
bütün dünya bunu eşidir. Xocalı soyqırımı məhz qərbli jurnalist və
fotoqraflar tərəfindən sənədləşdirilib dünyaya tanıdıldığı üçün
danışılır. Əslində Xocalını təkcə qərbli jurnalistlər, fotoqraflar
deyil, həmçinin soyqırımı törədənlərin özlərinin dilindən olan
etiraflardan da bilirik. Onların öz yazdıqları məqalələr, kitablar
var. İndi Suriyada, İraqda türkmənlərə qarşı qətliamlar törədilir,
əgər insanlıq vaxtında Xocalı qətliamı kimi, qətliamlara səsini
çıxarsaydı, indi yeni qətliamların şahidi olmazdıq. Onun üçün
Xocalıdan bəhs etməyə davam etməliyik”.
Atilla Kaya: “Xocalı faciəsi haqda soyqırım kəlməsini xüsusilə istifadə edirəm, Xocalı bir soyqırımdır”
Bunun ardınca söz Türkiya Böyük Millət
Məclisinin Milliyyətçi Hərakat Partiyasından İstanbul millət vəkili
Atilla Kayaya verilib. Atilla Kaya deyib ki “Xocalı faciəsi haqda
soyqırım kəlməsini xüsusilə istifadə edirəm. BMT-nin soyqırım
haqdakı qanununun ikinci maddəsinə görə soyqırım bir etnik, dini,
milli xüsusiyyətlərinə görə eyni olan bir cəmiyyəti qismən ya da
tamamilə məhv etməyə deyilir. Dağlıq Qarabağın Xocalı qəsəbəsində
yaşayan soydaşlarımız da, müsəlman və türk olduqları üçün soyqırıma
məruz qalıblar. Bu soyqırımı gerçəkləşdirənlər də 1915-ci ildə
Türkiyədə baş verdiyi iddia olunan qurama soyqırımın intiqamıdır.
Bunu zaman-zaman soyqırımı törədənlər özləri də etiraf ediblər. Biz
Türkiyə Böyük Millət Məclisi olaraq qəbul etməliyik. Daha əvvəl bu
sahədə cəhdlər olundu, ona görə də parlamentimiz soyqırım
iddialarının tarixçilər tərəfindən müzakirə olunmalı, siyasətə aid
edilməməli bir mövzu adlandırmışdı”.
Sadi Somurcuoğlu: “Anadoludakı soyqırımlarla Azərbaycandakılar arasında bənzər izlər var”
Sabiq dövlət naziri Sadi Somurcuoğlu isə
çıxışında deyib ki, “1992-ci ilin 26 fevralında günahsız
soydaşlarımız qorxunc bir qırğınla qarşı-qarşıya qaldılar və
həyatlarının ən qorxunc hisslərini keçirdilər. Xocalı soyqırımının
necə baş verdiyini müəyyənləşdirməzdən öncə erməni məsələsinin
haradan qaynaqlandığına baxmalıyıq. Bu məsələ 1988-ci ildəmi,
1992-ci ildəmi ortaya çıxdı? Xeyr. Bu məsələnin kökləri 1774-cü il
Kiçik Qaynarca müqaviləsinə qədər gedib çıxır. Bunun ardınca
Osmanlı ərazisində Daşnak erməni terror təşkilatı yaradılır.
Ermənilərin Osmanlıda ilk üsyanı 1860-da Zeytunda baş qaldırdı.
Birinci Dünya Müharibəsinə qədər az qala hər il Osmanlıda
ermənilərin üsyanı baş verirdi. Bu üsyanlar ermənilərin yaşadıqları
dövləti tanımamasını göstərirdi.
1914-cü ildə Osmanlı dövləti müharibəyə girərkən ölkədəki döyüşmək qabiliyyətli əksər insanlar müharibəyə yollandığından, ermənilər ölkənin hər tərəfini yağmalamağa, yandırmağa başlayırlar.
Anadoludakı soyqırımlarla Azərbaycandakılar arasında bənzər izlər var. Bunların hamısının arxasında xaçlı təfəkkür dayanır.
Xocalıda öldürülənlərin başına gələnlərin hamısı ilə bağlı bu salonda oturanların üzərində məsuliyyət var. Bunun əzabını çəkməsək heç nə əldə edə bilməyəcəyik”.
Fahrettin Keleştemur: “Başımıza
gələnlərin təkrar yaşanmaması üçün acılarımızı təkrar içimizdə hiss
etməliyik”
Türk Sağlık İnstitunun başqanı Fahrettin Keleştemur isə bildirib ki, “Bu gün həqiqətən tariximizin ən ağrılı anlarından birinin ildönümünü xatırlayırıq. Əlbəttə bunları xatırlamaq çox çətindir, ancaq gərək baş verənləri yadımızda saxlayaq. Başqa əzabların yaşanmaması üçün indiyədək yaşadıqlarımızı unutmamalıyıq.
İntiqam almaq üçün deyil, başımıza gələnlərin təkrar yaşanmaması üçün acılarımızı təkrar içimizdə hiss etməliyik”.
İbrahim Yusifzadə: “Türk xalqı hər zaman
azərbaycanlıların sevincinə də kədərinə də şərik olub”
Azərbaycan Milli Məclisinin şöbə müdiri İbrahim Yusifzadə isə çıxışında qeyd edib ki, “Əvvəla Azərbaycan Milli Məclisi adından, Azərbaycan xalqı adından sizə təşəkkür edirəm. Xocalı soyqırımı Azərbaycan xalqı üçün də, bütün dünya xalqları üçün də XX əsrdə yaddaqalan, dəhşətli bir qırğındır. Türk xalqı hər zaman azərbaycanlıların sevincinə də kədərinə də şərik olub. Qarabağ savaşında, Xocalıda azərbaycanlıların məğlubiyyəti ermənilərin qoçaqlığı, igidliyi, fədakarlığının nəticəsində deyil, haqqa-ədalətə, insanlığa düşmən kəsilən ayrı-ayrı böyük qüvvələrin, məlum dövlətlərin, işğalçı qüvvələrin fəaliyyətinin nəticəsidir. İstismarçıya, işğalçıya ar olsun”.
Daha sonra Panel məruzəçilərin çıxışı
ilə davam edib.
Yusuf Halaçoğlu: “Xocalıda baş verənlərin hələ də soyqırım kimi qəbul olunmaması qərbin ikili standartlarıyla əlaqədardır”
Professor Yusuf Halaçoğlu məruzəsində bildirib ki, “Bu günə qədər Xocalı qətliamı çox müzakirə olundu. Xocalıda insanlar yalnız türk olduqları üçün öldürüldüyündən beynəlxalq hüquqa görə soyqırım kimi tanınmalıdır. Xocalıda baş verənlərin hələ də soyqırım kimi qəbul olunmaması qərbin ikili standartlarıyla əlaqədardır. Bu xaçlı zehniyyətinin hələ də davam etdiyini göstərir. Ermənilər eyni aqibətə uğramış olsaydı bu gün vəziyyət tamam başqa idi.
Xocalı soyqırımını gerçəkləşdirən Sarkisyan başda olmaqla ermənilərin Ermənistanda dövlət vəzifələrində olmasına dünyanın səs çıxarmaması, qərbin nə qədər ədalətsiz olduğunu göstərir. Bu məsələdə türk milləti olaraq gücsüz qaldığımız etiraf etməliyik.
Ötüb keçən illərdə biz Türkiyə Böyük
Millət Məclisində 17 may Vanda ermənilərin türklərə soyqırımı, 26
fevral Xocalıda baş verənləri soyqırımı kimi tanınması üçün qanun
layihəsi irəli sürdük amma hər iki istəyimiz rədd olundu.
Azərbaycanın torpaqlarının beşdə birini işğal etmiş ermənilərin əslində kimin tərəfindən vuruşduğu nə o vaxt, nə indi dəyişməyib. Ermənilər ruslar tərəfindən vuruşurdular. Biz məhz bu məqamla düşmənlərimizin bizdən əslində nə istədiklərini anlayırıq”.
Hamlet İsaxanlı: “Ermənilərə yardım edən birinci Rusiya, ikinci Fransa və İngiltərə idi”
Xəzər Univerisitetinin rektoru,
professor Hamlet İsaxanlı isə çıxışına bu cümlələrlə başlayıb:
“Ermənilərin türk düşmənliyinin səbəbi torpaq iddialarıdır. Millətlər arasında bir-birinin torpağına, mülkünə göz tikmək və beləliklə düşmənçilik halları çox zəngindir. Tarix belə hallarla doludur. Bu baxımdan tarixi ənənləri kontrol etmək çox çətindir.
Ermənilərə yardım edən birinci Rusiya, ikinci Fransa və İngiltərə idi. Bu soyqırım nifrətin bir zəfəri idi. Soyqırım caniləri ona görə cəzalandırılmalıdır ki, xalqlararası ədalət bərpa olunsun. Yaxın illərdə baş verən Bosniya, Ruanda soyqırımları məhkəməyə aparıldı, amma bizim soyqırımımızı məhkəməyə apara bilmədik.
Tomas De Vall Serj Sarkisyanın fikirlərini “Black Garden” kitabında yazır. O deyir ki, Xocalı soyqırımına qədər Azərbaycan elə bilirdi biz sivillərə toxunmarıq, amma soqırımı törədərək həmin stereotipi sındırdıq. Qərbin bizi görməməsinin səbəbi özümüzün güclü olmamağımızdır. Haqq tələb etmək yetərli deyil, biz ekonomik, bilim bakımından güclü olmalıyıq. O qədər güclü olmalıyıq ki, qərblilər bir gün gəlib özləri bu qətliamı qəbul etsinlər”.
Sabir Rüstəmxanlı: “Türkdilli ölkələr Xocalıda baş verənləri soyqırım olaraq tanımalıdır”
“Dünyanın bir çox ölkələrində və ABŞ-ın
bəzi ştatlarında Xocalı soyqırımı tanınmışdır. Bunun Türkiyə ilə
bərabər yapılmasının ona görə tərəfdarıyıq ki, ortaq köklərimiz və
ortaq taleyimiz var. Azərbaycanda öldürülənlərə Anadoluda
öldürülənlər arasında bənzərlik var, hər iki bölgədən tapılmış
toplu məzarlıqlarda insanların öldürülməsində silahdan istifadə
etməmişlər, daha çox kəsici alətlərlə vəhşilik ediblər. Maləsəf,
Türkiyə üzünü şərqə deyil qərbə çevirib. Türkiyə, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan və s. Xocalı soyqırımını hələ də
tanımayıb.”- deyə, Azərbaycan xalq şairi, DAK həmsədri Sabir
Rüstəmxanlı vurğulayıb.
“Dünyada ən böyük soyqırım Amerikalılar Amerikanın yerli əhalisinə qarşı törədilib. Soyqırımı İngilislər Avstraliyalılara qarşı edib. Soyqırımı Ruslar türklərə qarşı törədib, Fransızlar Əlcəzairlilərə qarşı törədiblər. Xocalı soyqırımı türklərə qarşı törədilmiş sonuncu soyqırımdır, biz onu dünyaya tanıtmasaq yeniləri də baş verə bilər”.
Yaqub Öməroğlu: “Xocalı soyqırımı türk kimliyinə yönəldilmiş saldırıdır”
Avrasiya Yazarlar Birliyinin başqanı
Yaqub Öməroğlu isə məruzəsində bildirdi ki,
“Rusların türklərə qarşı sıxışdırma siyasəti Kırımın ilhaqıyla başlamışdır. Sonra İranla müharibədə Azərbaycanın bölünməsiylə Rusiya daha da Qafqazda irəliləmişdi. Şamil hərəkatının zəifləməsiylə Rusiya Qafqazdakı türk xalqına basqılarını artırmışdır. Azərbaycanın pambığı, nefti və s. təbii sərvətləri rus işğalçıları tərəfindən kəşf olunduqdan sonra Qafqazın önəmi daha da artdı.
İlk dövrlər kiçik bir liman şəhəri olan
Bakı, birdən-birə böyüməyə başlamışdı. Lakin, Azərbaycan
sənayesinin inkişafı ölkədə bir milli oyanış hərəkatına başlanğıc
versə də, tezliklə türklərin əleyhinə işlədi. Belə ki, əvvəl
Azərbaycan neftinin sahiblərinin çoxu azərbaycan türkləri olsa da,
sonradan neft mədənlərinin çoxu erməni və rusların əlində
toplanmışdı. Tezliklə ermənilər həm ruslardan həm qərbdən aldıqları
dəstəklə sürətlə təşkilatlanmağa başladılar.
Qarabağ müharibəsində ermənilər Türkiyədə ermənilərə qarşı qırğınların davamı kimi göstərə bildi, halbuki müharibədə daha çox həyatını itirənlər azərbaycan türkləri idi. Lakin, bu müharibələr zamanla Azərbaycan xalqının milli dirçəlişinə gətirib çıxardı.
Əslində Xocalı soyqırımı türk kimliyinə yönəldilmiş saldırıdır, bu baxımdan bu yaxınlarda baş vermiş Ankaradakı terror hücumu ilə eynidir”.
Qulu Məhərrəmli: “Xocalı faciəsinin arxasında həm də Rusiya dayanır”
Bakı Dövlət Universitetinin professoru
Qulu Məhərrəmli də çıxışında Rusiyanı ittiham etdi: “Hər kəsə
bəllidir ki, Xocalı faciəsinin arxasında həm də Rusiya dayanır,
onun 366-cı alayı. Mən özüm Xocalı soyqırımından bir ay yarım öncə
oraya səfər etmişdim. Orda bütün yolları Rus hərbçiləri kontrol
edirdilər. Mənim fikrimcə, Xocalı soyqırımını tanıtdırmaq üçün
beynəlxalq qaydaların birindən istifadə etmək lazımdır. Bu baxımdan
düşünürəm ki, Heydər Əliyev fondunun son dövr tətbiq etdiyi
“Xocalıya ədalət” kompaniyası xeyli uğurludur. Anar bəyin rəhbərlik
etdiyi “QASİM” təşkilatının dəstəyi ilə Xocalı soyqırımının
tanıtdırılmasına görə hər kəsə təşəkkür edirəm. Azərbaycanın
dərtlərini öz dərtləri bilən türklərə xüsusi təşəkkür edirəm”.
Gökmen Kılıçoğlu: “Biz intiqam hissimizi gücləndirərək yaşamalıyıq”
Düzcə Universitetinin dossenti,
araşdırmaçı yazar Gökmen Kılıçoğlu isə hesab edir ki, “Xocalı
soyqırımından bəhs edərək, nəyisə həll etmək mümkün deyil. Daim
deyirlər ki, ermənilər bizə qalib gəlməyiblər, amma gəlin qəbul
edək biz ermənilərə məğlub olmuşuq. Ermənilər silah toplayıb bizə
qarşı çirkin planlar qurarkən, biz əməkdaşlıq, dostluq haqda
düşünürdük. Biz Türklər Xocalıya kifayət qədər hərbi dəstək
vermədiyimiz üçün məğlub olduq. Biz dünyaya Xocalıda böyük qətliam
olduğunu çatdırarkən, Azərbaycan dövlət mediası Xocalıda sadəcə bir
nəfər öldüyünü demişdi. Biz bu yolla məğlub olduq. Biz intiqam
hissimizi gücləndirərək yaşamalıyıq. Yenə də unutmağa davam etsək,
yenə məğlub ola bilərik”.
Nəsrin Ünal: “Dünya qadın hüquqlarını qabardarkən biz də öz qadınlarımızın başına gətirilənlərdən danışmalıyıq”
Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı Nəsrin Ünal çıxışında bildirdi ki, “İşğal altındakı Qarabağ Şərqin konservatoriyası, sənət mərkəzidir. Bəlkə biz Qarabağın ağrılarını dünyaya mədəniyyəti ilə çatdırmalıyıq. Məsələn, bu günlərdə başt tutacaq Eurovision mahnı yarışmasına bu il Ukraynadan “Krım-1944” adlı mahnısı ilə bir tatar qızı qatılacaq. Bu mahnının arxasında 1944 sürgününün möhtəşəm fotoları var. Azərbaycanın sənət dünyası çox zəngindir, Türkiyədən də bir çox yarışmaçı hər il belə müsabiqələrə qatılır. Nədən sənətimizin arxasında Qarabağ bölgəsi olmur. Məncə bunların hamısını sənətə köçürməliyik. Həmçinin Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən alçaldılmış, zorlanmış, dünyaya uşaqlar gətirmiş qadınlarımız var. Dünya qadın hüquqlarını qabardarkən biz də öz qadınlarımızın başına gətirilənlərdən danışmalıyıq”.
Arzuman Seyidov: “Zaman gələcək Xocalı soyqırımı da dünyada tanınacaq”
QASİM sədrinin müavini Arzuman Seyidov
düşünür ki, “Xocalı soyqırımı nəinki Quzey Azərbaycanın, həm də
Güney Azərbaycanın və eyni zamanda bütün Türk dünyasının
problemidir. Xocalı soyqırımını tanıtmaq bizim üçün elə də çətin
deyil, ermənilər özləri öz kitablarında bu mövzuda yazıblar,
etiraflar ediblər.
Deməzdim ki, Xocalı soyqırımı ilə bağlı bizim fəaliyyətimiz zəifdir. Azərbaycan dövləti bu sahədə çox ciddi iş aparır. Azərbaycan-Türk diasporunun birgə dünya üzrə böyük işləri var.
Xüsusilə, Heydər Əliyev Fondu bu sahədə çox güclü iş aparır. O baxımdan Xocalı soyqırımı ilə bağlı özümüzü o qədər də zəif saymamalıyıq. Düşünürəm ki, zaman gələcək Xocalı soyqırımı da dünyada tanınacaq”.
Daha sonra panel sual-cavablarla davam etdi.