Buğdanın qiyməti 30 faiz ucuzlaşıb

25 Fevral 2016 12:35 (UTC+04:00)

2015-ci il ərzində qlobal əmtəə qiymətləri 30.7%, ərzaq qiymətləri indeksi isə 16.3% azalıb. Buğdanın qiyməti 29.7%, kənd təsərrüfatı xammallarının qiymət indeksi isə 16.2% aşağı düşüb.

Publika.az Mərkəzi Bankın 2015-ci il üzrə pul siyasəti icmalına istinadən bildirir ki, metal qiymətləri 29.3%, o cümlədən alüminiumun qiyməti 21.6%, qızılın qiyməti isə (1 unsiya) 12% aşağı düşüb. İlin dördüncü rübündə qızılın qiymətinə ən əhəmiyyətli təsir ABŞ FES-i tərəfindən faiz dərəcələrinin artırılması olub. Faiz dərəcələrinin artımı ilə qızılın qiyməti arasında mənfi korrelyasiya mövcuddur. Çin və Hindistanda qızıla olan tələb zəif olaraq qalır.

Neft bazarında ucuzlaşma hesabat ilində davam edib. “Brent” neftinin qiyməti son onilliyin ən aşağı səviyyəsinə düşərək 2015-ci ilin sonuna ilin əvvəli ilə müqayisədə 39.3% azalıb. Ümumilikdə, 2015-ci il üzrə orta qiymət 2014-cü illə müqayisədə 47% az olub.

İqtisadiyyat şöbəsi