İran prezidenti Azərbaycana səfər edəcək

25 Fevral 2016 20:53 (UTC+04:00)

İran prezidenti Həsən Ruhani bu il ərzində Azərbaycana səfər edə bilər.

Bu barədə İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

İran səfiri bildirib ki, iyirmi dörd ildir İran xalqı Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının dərdinə şərikdir.

Pak Ayin həmçinin viza məsələsinə də toxunub. Onun sözlərinə görə, prezident İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında viza məsələsi ilə bağlı müzakirələr aparılıb.

O qeyd edib ki, tərəflər turizm əlaqələrinin inkişafı üçün viza probleminin həllinin vacibliyini vurğulayıblar: “İran vətəndaşları üçün viza rejimi ya birdəfəlik aradan qaldırılacaq, ya da vizaların verilməsi hava limanlarında və ya sərhəd-keçid məntəqələrində həyata keçiriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 23-də İranda səfərdə olub. O, səfər çərçivəsində İranın dövlət başçısı Həsən Ruhani və ali rəhbəri Seyid Əli Xamenei ilə görüşüb. İran və Azərbaycan arasında 11 müqavilə, anlaşma memorandumu imzalanıb.