Avstriyada Qarabağla bağlı beynəlxalq konfrans keçirilib – FOTOLAR

26 Fevral 2016 15:30 (UTC+04:00)

Vyanada “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi (GEAD) və Avstriya Akademiklər İttifaqı tərəfindən birgə “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Publika.az xəbər verir ki, Vyana Texniki Universitetinin binasında təşkil olunan tədbir Xocalı soyqırımına həsr olunub.

Tədbirdə Almaniyanın Leypsiq Universitetinin doktorantı Şamxal Əbilov çıxış edərək Ermənistanın Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın etnik tərkibini dəyişdirməsindən, Çar Rusiyası, Azərbaycan Demokratik Cümhuriyyəti və SSRİ dövrlərində Dağlıq Qarabağın statusu ilə bağlı qəbul edilmiş qərarlar və hüquqi aktlardan danışıb.

Xocalı faciəsinin erməni daşnaklarının son iki əsrdə Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamın davamı olduğunu vurğulayan Ş.Əbilov bir çox mənbələrdə, eləcə də, erməni mənbələrində Xocalı soyqırımını təsdiqləyən faktları sadalayaraq tədbir iştirakçılarına çatdırıb.

Almaniyanın Flensburq Universitetinin doktorantı Famil Qurbanov isə “Dağlıq Qarabağ münaqişəsi kontekstində ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüquqları arasında ziddiyyət” mövzusunda məruzə ilə çıxış edib.

O, hər iki hüquqi anlayışın formalaşması, onların təsbit olunduğu beynəlxalq sənədlərdə tətbiqi barədə danışıb.

F.Qurbanov, eyni zamanda, deyib ki, dünyada qəbul olunmuş konvensiyalar və ümumbəşəri qanunlarda Xocalı faciəsi kimi soyqırımların yolverilməz olduğu göstərilsə də, bu hadisəyə dünya miqyasında layiqli şəkildə qiymətin verilməməsini də təəssüflə qeyd edib.

Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Vasif Həsənli