Müəmmar Qəddafinin devrilməsindən sonra Liviya bölünmək
təhlükəsi ilə üzləşib.
Publika.az xəbər verir ki, inqilabdan sonra
Liviyada müxtəlif siyasi qruplar arasında silahlı qarşıdurmalar
səngimək bilmir. Hazırda ölkədə qəbilələr və silahlı qruplar
arasında nüfuz müharibəsi gedir.
2012-ci ildə keçirilən seçkilərdə hakimiyyətə gələn Milli
Quruluş Komissiyası (MQK) ilə Təmsilçilər Məclisinin qurduğu keçid
hökuməti arasında ölkənin idarə edilməsi uğrunda mübarizə davam
edir.
MQK paytaxt Trablusla yanaşı, Misrata, Qaryan, Zliten, Sabrata
və Yafran şəhərlərinə nəzarət edir. Beynəlxalq birlik legitim
hökumət kimi MQK-ni tanıyır.
Lakin Təmsilçilər Məclisinin qurduğu keçid hökuməti isə ölkənin
qərbindəki Binqazi, Merc, Beyda və Tobruk şəhərlərinə
hakimdir.
2014-cü ildə Trablusda keçirilən Konstitusiya Məhkəməsinin
qərarı ilə Təmsilçilər Məclisi legitimliyini itirib. Lakin Məclis
məhkəmənin Trablusda keçirilməsini əsas gətirərək qərarı tanımaqdan
imtina edir.
Liviyada iki tərəf arasındakı qarşıdurma İŞİD-in bu ölkədə
nüfuzunun artmasına səbəb olub. Məlumatlara görə, İŞİD-in əlindəki
Siirt şəhəri “əmirlik” elan edilib.
Siirt şəhəri devrilmiş prezident Müəmmar Qəddafinin təmsil
etdiyi Kazazifə qəbiləsinin vətənidir. Hazırda orada 1500-ə qədər
İŞİD döyüşçüsünün olduğu deyilir. Qərb mənbələri isə İŞİD
döyüşçülərinin sayının 3 minə qədər olduğunu iddia edir.
Hazırkı situasiyaya görə ekspertlər Liviyanın faktiki
bölündüyünü bildirirlər.
Qeyd edək ki, Yaxın Şərqdə daha bir ərəb ölkəsinin – Suriyanın
da üç hissəyə bölünəcəyi xəbərləri dolaşır. Dünən bağlanan
atəşkəsdən sonra Qərbin Suriyanı Əsəd rejimi, İŞİD və kürdlər
arasında bölüşdürəcəyi deyilir.
Asif