Kiyevdən hücum anonsu: “Cavab çox adekvat və güclü olacaq”

27 Fevral 2016 23:17 (UTC+04:00)

“Ukrayna hərbçiləri Donbas hövzəsinin müvəqqəti işğal edilmiş ərazilərin azad edilməsi üçün aktiv əməliyyatlara hazırdır”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu anti-terror zonasında Ukrayna hərbi kəşfiyyatının polkovniki Pyotr Nedzelski deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu hərbi-siyasi rəhbərliyin əmrini gözləyir.

“Döyüşçülərimiz istənilən hücumların əks edilməsinə hazırdır. Amma onlar hücum üçün əmr gözləyirlər. Ukrayna ordusunun mənəvi-psixoloji vəziyyəti kifayət qədər yüksəkdir. Biz vuruşmağı öyrəndik. Əgər Minsk razılaşmaları olmasaydı, terrorçuları çoxdan torpağımızdan qovardıq”, - polkovnik bildirib.

Nedzelskinin sözlərinə görə, terrorçulara veriləcək cavab çox adekvat və güclü olacaq.

Eyni zamanda polkovnik vurğulayıb ki, ordu siyasətin alətidir: “Müharibə silahlı metodlarla siyasətin davamıdır. Əlbəttə, biz hərbi-siyasi rəhbərliyin qərarı olmadan hərəkət edə bilmirik. Biz əmr gözləyirik”.

Ömər Dağlı