Bu ziyafət libaslarının qiyməti dodaq uçuqladır – FOTOLAR

28 Fevral 2016 17:54 (UTC+04:00)

Bu axşam dünya kinosunun ən mötəbər tədbiri - 88-ci "Oskar" mükafatlandırma mərasimi keçiriləcək.

Publika.az indiyədək bu mərasimə ən bahalı ziyafət libaslarında qatılan məşhurların siyahısını hazırlayıb.

Bəllidir ki, dünya ulduzları ildə bir dəfə keçirilən bu mərasimə hələ bir neçə ay əvvəldən hazırlaşmağa başlayır, Hollivudun ən məşhur dizaynerlərindən paltarlar sifariş verir, formada qalmaq üçün idman edirlər. Bu hazırlıqlar öz bəhrəsini verir. Belə ki, mərasimdən sonrakı günlərdə bəzi geyimlər filmlərdən daha çox müzakirə olunur.

Məsələn, Monako şahzadəsi Qreys Kelli 1955-ci ildə "Oskar" mərasiminə qatıldığı geyimdə ən az özü qədər cəlbedici görünüb. Onun geyindiyi açıq yaşıl libasın qiyməti 4000 dollar idi. O dövr üçün bu, çox böyük məbləğ idi.

Monako şahzadəsindən sonra ən bahalı paltarı Elizabet Teylor geyinməyə cəsarət edib. Əfsanəvi aktrisanın 1970-ci ildə “Oskar” mükafatlandırma mərasiminə geyindiyi mavi rəngli libas 167 500 dollar olub.

Nikol Kidman da adını bu siyahıya yazdıranlar arasındadır. Tanınmış dizayner Con Qalyanonun 1997-ci ildə aktrisa üçün hazırladığı zeytun yaşılı don 2 milyon dollara başa gəlib.

Keyt Blanşetin 2007-ci ildə “Oskar” mükafatlandırma mərasiminə geyindiyi ziyafət libası əsl sərvət dəyərində olub. Belə ki, ulduzun “Armani”dən olan libası 200 000 dollara başa gəlib. Paltarın bu qiymətə olmasının səbəbi svarovski daş-qaşları ilə işlənməsi olub. Yeri gəlmişkən, elə həminilki mərasimdə Keyt Blanşetin əsas rəqibi onun adaşı idi. Belə ki, Keyt Uinsletin 2007-ci ildə mərasimə geyindiyi paltarın qiyməti 100 000 dollar təşkil edib.

Bu, hələ harasıdır? Ulduzların libaslarının fantastik qiymətləri davam edir... Məsələn, gənc aktrisa Cennifer Lourens də rekorda imza atıb. Onun 2013-cü ildə “Dior”dan geyindiyi paltarın dəyəri 4 milyon dollar idi.

Şarliz Teronun və Cessika Bilin 2013-cü ildə “Christian Dior”dan geyindiyi bəyaz donun qiyməti 100 000 dollardır.

Ötən il mirvarilərdən hazırlanan ziyafət libası 150 min dollara başa gəlib. Bu başıbəlalı donu Lyupita Nyonqo geyinmişdi. Paltar aktrisanın otağından oğurlansa da, qısa zamanda tapılmışdı.

Enn Heteueyin qırmızı donu da “Oskar”ın ən bahalı paltarlarının siyahısına daxil olub. Aktrisanın 2011-ci ildə “Valentino”dan geyindiyi paltarın qiyməti 80 000 dollar idi.

Sandra Bullok isə 2014-cü ildə mərasimə geyinməyə “Alexander Mcqueen” moda evindən 40 000 dollar dəyərində paltar alıb.

Aytən