CIA-dan şok etiraf: “Lavrovun e-poçt ünvanını...” - VİDEO

29 Fevral 2016 12:22 (UTC+04:00)

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş başçısı Mixael Hayden şok etirafla çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Hayden Rusiyanın xarici işlər naziri Sergey Lavrovun e-poçt ünvanının şifrəsini əldə etmək üçün hər şey edə biləcəyini söyləyib.

CNN kanalına danışan CIA-nın keçmiş başçısı ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun yazışmalarını rəsmi olmayan şəxsi e-poçt üzərindən aparmasını qiymətləndirib. Haydenin sözlərinə görə, bu cür vəziyyətdə Klintonun e-poçt ünvanı xarici kəşfiyyat təşkilatlarının hədəfi ola bilərdi.

“Əgər mən hələ də NSA-nın başçısı olsaydım və biri mənə Lavrovun şəxsi e-poçt ünvanı olduğunu söyləsəydi, onun şifrəsini əldə etmək üçün hər şey edərdim”, - o deyib.

Qeyd edək ki, 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olan Klinton bütün yazışmalarını şəxsi e-poçt ünvanı ilə edib. O, sonradan 55 min səhifəlik yazışmaları Dövlət Administrasiyasına təslim edib.

Ömər Dağlı