Əliyev və Medvedev bəyanat verdi - FOTOLAR (YENİLƏNİB)

8 Aprel 2016 14:47 (UTC+04:00)

Aprelin 8-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Dmitri Medvedev mətbuata bəyanatlarla çıxış ediblər.

***

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya baş naziri Dmitri Medvedevlə təkbətək görüşündən sonra geniş tərkibdə görüş başlayıb.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin aradan qaldırılması istiqamətində fəal vasitəçi səylərinə görə bir daha təşəkkür edib.

Dövlət başçısı bildirib ki, təkbətək görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri geniş müzakirə olunub: “Münasibətlərimizin inkişafında yaxşı dinamika var. İki ölkə arasında ticarət dövriyyəsi obyektiv səbəbdən bir qədər aşağı düşüb. Nəqliyyat və energetika sahəsində çox böyük imkanlar var. Humanitar sahədə də böyük imkanlar və nəticələr var. Biz görüşdə iqtisadi-ticarət əlaqələri, siyasi münasibətləri geniş müzakirə edəcəyik”.

Rusiyanın baş naziri D. Medvedev isə qeyd edib ki, təkbətək görüşdə regional məsələlərə də toxunulub: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İqtsadi əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür. Keçən il ticarət dövriyyəsi müəyyən qədər azalıb. Bu, ölkələrin ixrac etdiyi məhsulların qiyməti ilə əlaqədar olub. Bir çox layihələri həyata keçirmək olar. Humanitar məsələləri də müzakirə edəcəyik”.

***

Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın baş naziri Dmitri Medvedev arasında təkbətək görüş başlayıb.

APA-nın məlumatına görə, prezident İlham Əliyev deyib ki, ölkələr arasında əlaqələr intensiv inkişaf edir. O bildirib ki, Ermənistan silahlı qüvvələri son günlər növbəti dəfə təxribata əl atıb: “Azərbaycan cavab addımı atıb. Rusiyaya ekskalasiyanın dayandırılması yönündə səylərinə görə təşəkkür edirəm. Rusiya prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng edib”.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilə bilər.

Rusiyanın baş naziri D. Medvedev isə bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: “Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi adi situasiya deyil. Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır. Danışıqlar davam etdirilməlidir. Rusiya bu məsələnin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək”.

Sonra görüş qapalı davam etdirilib.