İlham Əliyev Ərdoğanla görüşdü

13 Aprel 2016 20:04 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş Ulduz Sarayı Mabeyn İqamətgahında keçirilib.

Görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə Toplantısı çərçivəsində baş tutub. Türkiyə vaxtı ilə saat 17:50-də başlayan qapalı görüş 45 dəqiqə davam edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb.

Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edilib.

Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olunub. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.