Azərbaycanda insan alverinə qarşı mübarizə hansı səviyyədə aparılır? RƏY

18 Aprel 2016 19:29 (UTC+04:00)

“Azərbaycanda insan alverinə qarşı ciddi mübarizə aparılır. Belə halların qarşısını almaq üçün cənab Prezident tərəfindən səlahiyyətli şəxs olaraq Milli Koordinator təyin edilib və İnsan Alverinə Qarşı Mübarizə Komisiyyası fəaliyyət göstərir. Eyni zamanda Daxili İşlər Nazirliyinin nəzdində yaradılan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi konkret olaraq bu sahə ilə məşğuldur. Bu da onu deməyə imkan verir ki, insan alveri ilə mübarizə Azərbaycan dövlətinin ciddi nəzarətində olan məsələdir”.

Bu sözləri Publika.az-a açıqlamasında ekspert Ramiz Alıyev deyib.

O qeyd edib ki, digər cinayət növləri kimi, insan alverinə qarşı da dövlətin qətiyyətli mübarizə mexanizmi var. Onun sözlərinə görə, son illərdə demək olar ki, bu mübarizə müxtəlif vasitələrlə daha da kəskin və təkmil formada aparılır. Bir vaxtlar ABŞ Dövlət Departamenti yaydığı hesabatda Azərbaycanı insan alverinə qarşı mübarizə sahəsində apardığı işlərə görə əsassız olaraq üçüncü kateqoriyaya aid etmişdi. Ancaq hər kəs yaxşı bilirdi ki, bu hesabat kimlərinsə mənafeyinə xidmət edirdi. Ötən ildən başlayaraq isə, ABŞ Dövlət Departamenti insan alverinə qarşı mübarizə sahəsinə dair hazırladığı hesabatlarda Azərbaycan dövlətinin bu cinayət növü ilə kəskin mübarizə apardığını, bu sahə ilə məşğul olan QHT-lərlə birgə maarifləndirmə işlərində fəal iştirak etdiyini qeyd edərək, ölkəmizi ikinci kateqoriyaya aid edib və Azərbaycanı bir çox ölkələrə örnək olaraq göstərib. Bu cür hesabatlar daha dəqiq və qərəzsiz hazırlansa, Azərbaycan birinci kateqoriyaya aid olar”.

Ekspert bildirib ki, Daxili İşlər Nazirliyi və onun nəzdində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi öz işini hər il daha da yaxşılaşdırır: “Qonşu dövlətlərlə müqayisədə, bu cinayətkarlıqla mübarizə sahəsində Azərbaycanda daha çox işlər həyata keçirilir. İnsanlar bu sahə ilə bağlı maarifləndirmə tədbirlərində QHT-lərlə uğurlu əməkdaşlıq qururlar”.